Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin şagirdləri sosial izolyasiya şəraitində bir sıra onlayn müsabiqələrdə uğurla iştirak ediblər.

İdarədən bildirilib ki, məktəbin müəllimi Kəmalə Novruzbəyovanın sinfində qarmon ixtisası üzrə təhsil alan Sabir Quliyev və Rəşidə Ağayeva Qazaxıstanın Nur-Sultan, Almata, Karakanda şəhərlərində keçirilən beynəlxalq festivala qatılıblar. Bu il altıncı dəfə keçirilən “Tessa Music Contest” festivalı instrumental və vokal ifaçılığı üzrə distant formatda reallaşıb.

İki turdan ibarət müsabiqənin Qazaxıstan, Rusiya və Azərbaycandan 37 iştirakçısı olub.  Birinci turda 13-15 yaş qrupu üzrə instrumental ifaçılıq – milli alət nominasiyasında Sabir Quliyev birinci yerə çıxıb və II tura vəsiqə əldə edib. Rəşidə Ağayeva isə 16-19 yaş qrupu üzrə II yerə layiq görülüb. Eləcə də müəllimləri Kəmalə Novruzbəyova və konsertmeyster Şəlalə Qəhrəmanova diplomla təltif olunub.