Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri noyabrın 28-də Tərtər rayonunda Ermənistanın müharibə cinayətləri və Ağdamda erməni işğalından sonrakı vəziyyətlə tanış olublar. Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Tərtərə səfər zamanı diplomatik korpusun nümayəndələri Ermənistan ordusunun atdığı kasetli raketlərin qalıqlarına baxıblar. Bildirilib ki, Tərtərə 21 kasetli raket atılıb. Onun 14-nün qalıqları Tarix-Diyarşünaslıq Muzeyinin yanında sərgilənir.

Prezidentinin köməkçisi Hikmət Hacıyev diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq rayonun mərkəzini, qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından atəşə tutub. Tərtər hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış Azərbaycan şəhərlərindən biridir. Elə günlər olurdu ki, şəhərə 2300–2400-dən çox mərmi düşürdü. Tərtər Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə bombardman edilirdi. Nəticədə mülki insanlar arasında çoxlu sayda ölənlər və yaralananlar olub. Ermənistan silahlı qüvvələri kasetli “Smerç” raketləri də daxil olmaqla, bütün növ artilleriyadan istifadə edirdi.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 44 gün davam edən müharibə zamanı Tərtərə 16 mindən çox mərmi atılıb, ümumilikdə rayonun 44 yaşayış məntəqəsi atəşə məruz qalıb. 4 min obyektə, 2 min fərdi evə, çoxlu sayda məktəb binasına ziyan dəyib.

Diplomatlar Tarix-Diyarşünaslıq Muzeyində oktyabrın 29-da Ermənistan ordusu tərəfindən atılmış və sakinlərdən birinin evinə düşərək yemək masasını deşib keçmiş “Smerç” raketinə baxıblar.

Sonra diplomatlar rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinə gediblər. Məlumat verilib ki, yaşayış məhəlləsindəki çoxmənzilli binaların hamısı Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalıb. Binalara, klub icma mərkəzinə, həkim məntəqəsinə, musiqi məktəbinə ciddi ziyan dəyib.

***

Diplomatik korpusun nümayəndələri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinin xarabalıqlarını, düşmənin törətdiyi müharibə cinayətlərinin izlərini də öz gözləri ilə görüblər.

 Məlumat verilib ki, ermənilər Ağdamda yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.

Hikmət Hacıyev bildirib ki, diplomatik korpusun nümayəndələri ilə yanaşı, bu səfərdə Ağdamın “Qarabağ” futbol klubunun üzvləri, dini konfessiyaların nümayəndələri də iştirak edirlər. “Qarabağ” uzun illərin intizarından sonra artıq doğma Ağdama gəlib.

 

Ağdam dünyada urbisid – şəhərə qarşı həyata keçirilən soyqırımı məkanıdır

 

Prezidentin köməkçisi Hikmət Hacıyev diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ağdamın işğalını qəti şəkildə pisləyən və Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul etmişdi. Amma işğalçı Ermənistan buna məhəl qoymamışdı. Azərbaycanın ən çiçəklənən rayonlarından biri olan Ağdam bu illər ərzində tamamilə məhv edilib. “Artıq dünya ictimaiyyəti ermənilərin törətdikləri bu vəhşilikləri real olaraq görür. Erməni vandalizmi göz qabağındadır. Ağdamlılara qarşı törədilmiş etnik təmizləmə beynəlxalq hüquqa əsasən soyqırımı (genosid) adlandırılırsa, şəhərə qarşı törədilmiş vəhşilik isə urbisid adlandırıla bilər. Bu, 1963-cü ildən bəri beynəlxalq münasibətlərdə şəhərlərin viran qoyulmasını xarakterizə edən bir termindir. Bu gün Ağdam şəhəri dünyada urbisid, yəni, şəhərə qarşı həyata keçirilən soyqırımı məkanıdır. Ancaq Azərbaycan öz quruculuq siyasəti ilə Ağdamı yenidən dirçəldəcək. Azərbaycan buradakı bütün abidələri yenidən bərpa edəcək, onlara qayğı göstərəcək. Eyni zamanda, erməni işğalı zamanı dağıdılmış xristian abidələri də bərpa ediləcək. Onlar qorunacaq, bəşər sivilizasiyasının tərkib hissəsi olaraq zəruri diqqət və qayğı göstəriləcək. Biz indi Ağdam məscidinin qarşısındayıq. Dini konfessiyaların nümayəndələrinin də Ağdamda olması ölkəmizin multikulturalizmə, mədəniyyətlərarası, dinlərarası dialoqa töhfəsinin bariz nümunəsidir” – deyə Hikmət Hacıyev bildirib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Ağdamın bir güllə belə atmadan, bir şəhid vermədən azad edildiyini vurğulayıb. O, Prezidentimizin rəhbərliyi ilə Ağdamın bərpa ediləcəyini, dünyanın dağıdıcı Ermənistandan fərqli olaraq Azərbaycanın nə qədər qurucu dövlət olduğunu görəcəyini deyib, bütün ağdamlılar adından müzəffər Ali Baş Komandana minnətdarlıq edib.

Səfərdə iştirak edən dini konfessiyaların nümayəndələri işğaldan azad edilmiş rayonların sakinlərini və bütün Azərbaycan xalqını təbrik ediblər. Onlar, eyni zamanda, gördükləri dağıntılardan kədərləndiklərini bildiriblər. Dini konfessiyaların nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, ölkəmizdə mövcud olan multikulturalizmdən məmnunluqlarını ifadə ediblər.

Diplomatların diqqətinə çatdırılıb ki, digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan edilib, yandırılıb, dağıntılara məruz qalıb. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra məsciddə təmizlik işləri aparılıb, 27 ildən sonra azan verilib.

Diplomatlar burada Azərbaycan əsilli məşhur fotoqraf Reza Deqatinin 1992-ci ildə Xocalı faciəsindən sonra çəkdiyi fotolara da baxıblar.

Sonra Xalq artisti Mənsum İbrahimov Ağdam Dövlət Dram Teatrının binasının qalıqları önündə “Qarabağ şikəstəsi”ni oxuyub.

Daha sonra vaxtilə Ağdam Şəhidlər xiyabanının olduğu ərazidə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarı ziyarət olunub. Diqqətə çatdırılıb ki, Şəhidlər xiyabanı da erməni vandalları tərəfindən yerlə-yeksan edilib, məzarların yeri belə bilinmir. Burada mindən artıq məzar var idi. Onlar ermənilər tərəfindən tamamilə dağıdılıb.

Diplomatlar Ağdamdakı məşhur Çörək muzeyinin, Qarabağ xanı Pənahəli xanın imarətinin (XVIII əsr) qalıqlarına, Natəvanın və onun oğlunun türbəsinə (XIX əsr) də baxıblar.

Səfər zamanı “Qarabağ” futbol klubu 27 ildən sonra doğma meydanda – “İmarət” stadionunda simvolik futbol matçı oynayıb.