1-4 dekabr tarixində Ukraynanın məşhur kurort şəhəri sayılan Truskavetsdə Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq müsabiqəsi keçirilir.

Müsabiqənin məqsədi həm opera, həm də estrada musiqisini eyni dərəcədə uğurla ifa edən vokalçıları üzə çıxararaq sənətsevərlərə və musiqi ictimaiyyətinə təqdim etməkdir.

İştirakçılar iki seçim turunda Müslüm Maqomayevin akademik (opera) və estrada repertuarına daxil olan mahnıları ifa edəcəklər. Onun repertuarından “Mən göyə baxıram” adlı Ukrayna xalq mahnısının ifası isə hər bir iştirakçı üçün əsas şərtdir.

Şərtlərə görə, müsabiqəyə 16-40 yaşlarında, musiqi üzrə ixtisas təhsili almış peşəkar müğənnilərlə bərabər, musiqi təmayüllü ali məktəblərin və kolleclərin tələbələri də qoşula bilərlər.

Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş Beynəlxalq müsabiqəsində ötən illərdə Ukrayna, Moldova, Niderland, ABŞ, Özbəkistan, Litva və Qazaxıstandan ifaçılar iştirak ediblər.

Bu il iştirakçıların peşəkar səviyyəsi çox yüksəkdir: xaricdə müqavilə üzrə işləyən gənc opera müğənniləri pandemiya ilə əlaqədar karantin səbəbindən Ukraynaya qayıdıblar və onlar da bu müsabiqəyə qatılıblar. On beş nəfər finalçı arasında “Ölkənin səsi” teleşousunun iştirakçıları və populyar aktyorlar da var.

Pandemiya qarşı mübarizə tələblərinə uyğun olaraq, müsabiqə qarışıq formatda keçirilir: ifaçılar, münsiflər heyətinin üzvləri və prodüserlər seçim turlarında canlı iştirak edəcək, tamaşaçılar isə müsabiqəyə onlayn formatda qoşula biləcəklər. Seçim turları və qala-konsert müsabiqənin rəsmi internet səhifəsində nümayiş etdiriləcək. Efirin texniki təminatı “Truskavets-online” saytına həvalə edilib.

Müsabiqənin təşkilatçıları Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Truskavets Şəhər Şurasıdır. Tədbir ölkəmizin Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. AZƏRTAC müsabiqənin media tərəfdaşıdır.