Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşa Qarabağın döyünən qəlbidir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və Orta əsrlər şəhərsalma sənətinin nümunəsidir.  Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır.

Noyabrın 8-i iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Bu gün Azərbaycan tarixində əbədi qalacaqdır. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağın incisi Şuşa” adlı  elektron məlumat bazası hazırlanıb. Elektron toplu “Şuşanın tarixi”, “Görkəmli şəxsiyyətləri”, “Mədəni irsi”, “Qarabağın incisi – Şuşa”, “Kitablar”, “Məqalələr”, “Azərbaycan Milli Kitabxanasının nəşrləri”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında Qarabağın tarixi, Şuşa şəhəri və onun inzibati quruluşu, mədəniyyət abidələri haqqında kitablar, məqalələr, fotolar, videolar və digər sənədlər təqdim olunur. Materiallar tam mətni ilə təqdim verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/D.QARABAQ/ linkindən istifadə edə bilərlər.