Azərbaycan torpaqlarının Ermənistan tərəfindən30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus yüzlərlə daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.

Erməni vandalizminin əyani sübutlarının şahidi olan tanınmış fransalı fotoqraf Reza Deqati rəsmi “Instagram” səhifəsindəki paylaşımında Ağdam rayonunun Qiyaslı kəndindəki məscidi – daha doğrusu, onun qalıqlarını diqqətə çatdırır.

Məsciddən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yandırıblar.

“Ötən bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını, məscidlərin tövləyə çevrildiyini gördüm” – deyə o bildirib. “Mədəni, mənəvi və dini irsin vandalizmə məruz qalması anlaşılmaz və qəbuledilməzdir. Mən müxtəlif münaqişələr zamanı bunun şahidi olmuşam” –  deyə R.Deqati paylaşımında fikrini davam etdirib.

Qeyd edib ki, məsciddən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl bacardıqlarını özləri ilə aparıb, məscidi isə yandırıblar.

Məlumat üçün bildirək ki, Ağdam rayonunun Qiyaslı kəndi ərazisində yerləşən məscid (inv. 4052) XVIII əsrdə inşa olunub. Tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.

Reza Deqatinin müəllifi olduğu fotoları təqdim edirik: