Yaşadığımız XXI əsr informasiya əsridir və cəmiyyətin artmaqda olan sənəd-informasiya tələbatının ödənilməsində kitabxanaların da üzərinə mühüm vəzifələr düşür. İndi kitabxanaların informasiya resurslarının zaman və məkan məhdudiyyəti yoxdur. Çünki kitabxanalar mövcud sənədlərin saxlanma yeri olmaqla yanaşı, müasir texnologiyalar sayəsində informasiya dünyasına açılan qapı rolunu oynayırlar. Hazırda bu  funksiyanı yerinə yetirən ölkə kitabxanaları COVİD-19 pandemiyası ilə əlaqədar istifadəçilərə virtual xidmət göstərirlər.

Fəaliyyətini onlayn qaydada davam etdirən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən kitabxana mütəxəssislərinə kömək məqsədilə “Kitabxanalarda biblioqrafik icmalların hazırlanması və keçirilməsi” adlı metodik vəsait tərtib edilib.

Vəsaitdə biblioqrafik icmalın hazırlıq mərhələləri, tərkib hissələri, məqsədinə, məzmununa görə növləri, üstün və fərqli cəhətləri ətraflı şərh edilib.

Bu vəsaiti tərtib etməkdə məqsəd kitabxana mütəxəssislərini kitabxanalarda mütəmadi olaraq keçirilən biblioqrafik icmalların növləri, hazırlanması və keçirilmə metodikası ilə yaxından tanış etməkdir. Çünki bu gün getdikcə artan sənəd kütləsi içərisində daha dolğun və lazımlı informasiyanı almaq üçün hər bir oxucu biblioqrafik xidmətə müraciət etməli olur.

Sözügedən metodik vəsaitdə əyani nümunə kimi kitabxanalarda biblioqrafik icmalların hazırlanması və keçirilməsi metodikasının slayd forması, “Qarabağ Azərbaycandır” silsiləsindən “Qarabağ həqiqətlərini əks etdirən kitablar” adlı mövzu icmalı və Respublika Gənclər Kitabxanasının tərtib etdiyi digər mövzu və şəxsi icmalların virtual sərgisi verilib.

Metodik vəsait ilə http://ryl.az/files/biblioqrafik_icmal.pdfhttps://www.instagram.com/tv/CIK5ADkBp2t/ linkləri vasitəsilə tanış ola bilərsiniz.