Prezident İlham Əliyev Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə Milli Məclisin 2020-ci il 26 noyabr tarixdə qəbul etdiyi qanunu təsdiqləyib. Dövlət başçısı dekabrın 1-də sözügedən qanunun tətbiqi haqqında fərman imzalayıb.

Qanuna əsasən, “Vətən Müharibəsində qələbə münasibətilə” “Zəfər” və “Qarabağ” ordenləri  təsis olunub.  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunun 1-ci maddəsinə  “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilib: “Zəfər” ordeni; “Qarabağ” ordeni.

Prezident  “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu və  “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında əsasnaməni də təsdiqləyib. Əsasnamədə qeyd olunur ki, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı “Vətən Müharibəsi Qəhrəmanı” medalıdır.

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Qızıl Ulduz” medalından (Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı – red.) əvvəl “Vətən Müharibəsi Qəhrəmanı”, “İgidliyə görə” medalından sonra isə  “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları əlavə olunub.