Laçının işğaldan azad olunması ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi

“Dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, – Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, – qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır”.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu sözləri dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunması münasibətilə televiziya ilə xalqa müraciətində bildirib.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərin nəticəsi olan bu hadisə münasibətlə Azərbaycan xalqını təbrik edən dövlət başçısı deyib: “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Prezident qeyd edib ki, 28 il öncə – 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi bizim üçün böyük itki, böyük faciə idi. Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun: “Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü. Demək olar ki, bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı. Onu da bir daha demək istəyirəm ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini uçurum kənarına qoydular. Biz bütün bu tarixi yaxşı xatırlayırıq. Bu gün Laçın rayonunu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir. Bir daha demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq”.

Prezident diqqətə çatdırıb ki, Azərbaycan yaratdığı bu reallıqla həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. O qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı: “Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır”.

Dövlət başçısı bildirib ki, Ermənistan məhz öz işğalçılıq siyasəti üzündən vaxtilə regiondakı əməkdaşlıq layihələrindən kənarda qalıb: “Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı.

Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 30-40 faiz artıb. Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək? Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika – biz onu təcrid etmişdik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə? Çünki güclü iradəmiz var, xalq-iqtidar birliyi var. Çünki Azərbaycan 1993-cü ildən bu günə qədər etibarlı əllərdədir. Azərbaycana rəhbərlik edən Ulu öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan rəhbərləri kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq!”.

Dövlət başçısı vurğulayıb ki, müharibə zamanı təqribən 5 min kvadrat kilometrə yaxın ərazi döyüş meydanında azad edilib: “Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi – torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə. Mən deyəndə ki, məsələnin hərbi yolu var, bunu nəzərdə tuturdum. Əgər düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı. Düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər. Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər”.

Ali Baş Komandan vurğulayıb ki, bu müharibədə əldə olunan qələbə Azərbaycan tarixində şanlı Qələbə kimi əbədi qalacaq: “Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat.

Bu, gələcək perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik. Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var, bunlar artıq formalaşıb”.

Prezident vurğulayıb ki, işğaldan azad olunan ərazilər bağlı qiymətləndirmə prosesi tezliklə başlanacaq, vurulmuş ziyan hesablanacaq: “Artıq hüquqi müstəvidə addımlar atılır. Mən bunu artıq bildirə bilərəm Azərbaycan xalqına. Hələ ki, detalları açmaq istəmirəm. Amma bu, artıq niyyət deyil, bu, artıq praktiki addımlardır. Biz onları bundan sonra da ifşa edəcəyik.

Azad edilmiş torpaqlara xarici jurnalistlər dəvət olunur. Beynəlxalq media erməni vəhşiliyinin nəticələrini işıqlandırır. Bu müddət ərzində Kəlbəcəri nə günə qoyduqlarını işıqlandırır. Vəhşilər kimi gedib hər tərəfi söküb, yandırıb, talayıb, meşələri yandırıb, kəsib. Özlərini burada, necə deyərlər, əsrlərboyu yaşamış xalq kimi təqdim edirdilər. Əsrlərboyu orada yaşamış xalq heç vaxt bunu etməz, bu vəhşiliyi etməz. Onlar orada azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər, daşı daş üstündə qoymayıblar, ancaq istismar ediblər. Bizim torpaqlarımızı istismar ediblər. Mənə verilən məlumata görə, orada on minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır. Buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək”.

Azərbaycan Prezidenti bu günlər müharibədə məğlub olmuş Ermənistana təsəlli olsun deyə bəyanatlar verən, erməni separatizmini təşviq edən dairələrə, o cümlədən Dağlıq Qarabağ mövcud olmuş qondarma qurumu tanımaq barədə qətnamə qəbul edən Fransaya mesajını da səsləndirib: “Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmır. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz. Bir daha demək istəyirəm ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar”.

Dövlət başçısı xalqa müraciətində müharibə gedişində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş düşmənin hərbi texnikası barədə məlumatları da diqqətə çatdırıb. Bildirib  ki, məhz bu sarsıdıcı zərbələr və müharibədə verilən itkilər Ermənistanın baş nazirini alçaldıcı kapitulyasiya aktına imzasını qoymağa məcbur edib.

Prezident, həmçinin 10 noyabrda imzalanan Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Bəyanatın necə ərsəyə gəlməsi və müddəalarının icra vəziyyəti barədə də danışıb.  Dövlət başçısı Laçın rayonu ilə bağlı bildirib ki, Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Bəyanatın ilkin variantında bu zolaq Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı: “Onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib – 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.

Bəyanatın yeddinci bənddə əks olunan məcburi köçkünlər və qaçqınlarla bağlı məsələyə toxunan dövlət başçısı bildirib ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır: “Bu da önəmli məsələdir. Azərbaycan vətəndaşları Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar, harada ki, onlar əvvəl yaşayıblar. Bu məsələyə artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı var. Bu, növbəti təmaslar əsnasında həll olunacaqdır”.

Prezident vurğulayıb ki, bundan sonra ölkəmiz üçün yeni dövr başlayır: “Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir... Bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”.

Dövlət başçısı müraciətini bu sözlərlə tamamlayıb: “Mən artıq bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram. Əminəm, bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.