Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər: üç və ya daha çox uşağı olan; himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan; - himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan; ailənin tək övladı olan; ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş; döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan; yaxın qohumları Ermənistanın hərbi təxribatları və Azərbaycanın ərazilərini atəşə tutması nəticəsində həlak olmuş; əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.