Noyabrın 28-də Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndində 4 nəfər mülki şəxsin avtomobildə minaya düşərək həlak olmasından sonra bu ərazilərə icazəsiz səyahətlərin təhlükəliliyi bir daha gündəmə gəlib.

Əhalinin polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir. Buna görə də vətəndaşlar təhlükəsiz səfər imkanları yaradılana qədər işğaldan azad olunan ərazilərə getməkdən çəkinməlidir.

Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov noyabrın 30-da təşkil olunan mətbuat konfransında deyib.

Q.Əhmədov vurğulayıb ki, 1999-2020-ci illər ərzində mina və hərbi sursat partlaması nəticəsində 535 nəfər həlak olub, 2418 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. ANAMA belə hadisələrin qarşısının alınması məqsədilə əhali arasında mütəmadi qaydada maarifləndirmə tədbirləri təşkil edir. İndiyədək Təhsil Nazirliyi ilə birlikdə 26 şəhər və rayondakı 1200 məktəbdə 3635 müəllim üçün 195 təlim keçirilib. Hər il orta məktəblərdə 55 min şagird partlayıcı sursat təhlükəsinə dair maarifləndirmə dərslərinə cəlb olunur.

İkinci Qarabağ müharibəsindən sonra ayrı-ayrı ərazilərdəki partlamamış hərbi sursatla bağlı təhlükənin qaldığını vurğulayan ANAMA-nın rəhbəri bildirib ki, bu da çoxlu sayda mülki əhalinin ölümünə və yaralanmasına səbəb olar bilər. Bununla əlaqədar ANAMA-nın partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə şöbəsinin mütəxəssisləri sentyabrın 27-dən etibarən əhalinin müxtəlif növ hərbi sursatlara dair həssaslığını artırmaq, onları mövcud təhlükə barədə xəbərdarlıq etmək məqsədilə müharibəyə məruz qalmış bütün bölgələrdə əhali arasında maarifləndirmə işləri həyata keçirir. Nəticədə indiyədək minlərlə sakin, o cümlədən uşaqlar müxtəlif növ bukletlər və digər təbliğat vasitələri ilə təmin edilib, fasiləsiz tədbirlər həyata keçirilib.

Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) proqramı çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində son illərdə bu qəbildən olan hadisələrdə zərər çəkənlərin sayı minimuma enib.

“İşğaldan azad olunmuş ərazilərə gedən bütün yollarda, keçidlərdə polis tərəfindən mühafizə zolaqları qurulub, postlar yerləşdirilib”.

Bunu isə ANAMA-nın Operativ qərargahının rəisi İdris İsmayılov bildirib. O, qeyd edib ki, şəxsi kontingent zəruri olan tədbirləri görür. Mülki əhalidən xahiş olunur ki, həmin ərazilərə getməsinlər: “Bu, onların özü üçün, ailəsi üçün təhlükəlidir. Biz bu ərazilərə nəzarət etmək üçün əlimizdən gələni edirik, polis tərəfindən nəzarət nə qədər mümkündür edilir. Amma oraya gedən insanlar dağlardan, digər yollardan istifadə edirlər. Ona nəzarət etmək çox çətindir. İmkan daxilində biz qısa müddət ərzində həmin əraziləri təmizləyəcəyik və insanların həmin ərazilərə getməsi üçün şərait yaradacağıq. Əhalinin doğma torpaqlarına, evlərinə, dədə-baba torpaqlarına getməsi üçün şərait yaradıldıqdan sonra təlimat veriləcək ki, onlar bu ərazilərə səfər etsinlər”.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı düşmən ərazilərimizi tərk edərkən həmin bölgələri minalayıb. Hazırda cəbhəboyu ərazilərdə yüzdən çox şəxsi heyət minatəmizləmə fəaliyyətini davam etdirir.

İ.İsmayılov qeyd edib ki, düşmən işğalından azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir. Əkin yerləri, dağlıq ərazilər, otlaq sahələri minalardan təmizlənəcək. İnsanların öz ata-baba yurdlarına qayıtmasının qısa müddətdə həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu da məsələ ilə bağlı vətəndaşlara müraciət edib. Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilir.

Baş Prokurorluq vətəndaşlara bir daha müraciət edərək, işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən  tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

Yeri gəlmişkən, Füzuli rayonundakı son mina partlaması ilə İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Ermənistan silahlı qüvvələrinin təxribatları üzündən həyatını itirən mülki vətəndaşların sayı 98-ə çatıb. Baş Prokurorluqdan verilən məlumata görə, Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 93 mülki şəxs həlak olub, 410 nəfər yaralanıb. Bundan əlavə, 5 mülki şəxs mina partlamasından həlak olub, 4 nəfər isə yaralanıb.

Bu arada Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri də Azərbaycana Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.

Müdafiə Nazirliyindən bildiriblər ki, türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.