27-28 noyabr tarixində Niger Respublikasının paytaxtı Niamey şəhərində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclası keçirilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, iclas çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib.

Qeyd etmək istərdik ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, mülki şəxslərə və mülki infrastruktura böyük zərərin vurulması, o cümlədən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin sıx yaşayış məskənlərinin artilleriya və raket hücumuna məruz qalması qətiyyətlə pislənilib. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib. Sənəddə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi alqışlanıb.

“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə ərazilərimizin işğaldan azad olunmasının Azərbaycan ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunur. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycana yardım etməyə çağırış öz əksini tapır. Habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə işğal altında olmuş ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilir, məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılır. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti qeyd olunur.

Qətnamələr İslam Əməkdaşlığı Təşkilatının 57 üzv ölkəsi tərəfindən qəbul edilib.