Azərbaycandan akademik Nailə Vəlixanlı və şairə Səidə Salayeva təltif olunub

MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən təsis edilmiş “Zvyozdı Sodrujestva” (“Birlik ulduzları”) və “Sodrujestvo debyutov” (“Debütlər Birliyi”) mükafatlarının növbəti laureatları elan edilib. Noyabrın 27-də mükafatların onlayn formatda təltifolunma mərasimi keçirilib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlı “Birlik ulduzları” mükafatına layiq görülüb.

“Birlik ulduzları” Müstəqil Dövlətlər Birliyinin humanitar sahədə ən yüksək nailiyyətlərə görə mükafatıdır və ənənəvi olaraq MDB-yə üzv hər ölkədən bir nəfərə verilir. Builki doqquz laureat arasında mədəniyyət və ədəbiyyat sahələri üzrə Qazaxıstan Dövlət Akademik Musiqili-Dram Teatrının bədii rəhbəri Talqat Temenov, Moldovanın “S ulitsı roz”(“Qızılgüllər küçəsindən”) Gənclər Teatrının direktoru Yuri Xarmelin, yazıçılar Quzel Yaxina (Rusiya), Timur Zulfikarov (Tacikistan), “Yalla” ansamblının bədii rəhbəri Farrux Zakirov (Özbəkistan) var.

“Debütlər Birliyi” mükafatına bu il kitab və mütaliə sahəsinin inkişafında xidmətləri olan gənc mütəxəssislər – şairə Səidə Salayeva (Azərbaycan), kitabxanaçı Yekaterina Rovdo (Belarus), jurnalist Yerlan Cunusov (Qazaxıstan), tərcüməçilər Diana Jalbe (Moldova) və Yevgeniya Baranova (Rusiya), dizayner Muhammadnosir Abdulloyev (Tacikistan) və başqaları layiq görülüblər.

Onlayn təltifetmə mərasimində laureatları DHƏF-in İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Fondun İdarə Heyətinin həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, DHƏF-in icraçı direktoru Analoti İksanov salamlayıblar.

Mixail Şvıdkoy deyib: “Tanınmış ustadların və gənc mütəxəssislərin bu mükafatlarla eyni vaxtda təltif edilməsi olduqca simvolikdir. Bu, hər iki mükafatın başlıca məqsədini – mədəniyyətlərin qarşılıqlı əlaqəsini və nəsillərin varisliyini vurğulayır”.

Laureatlar mükafatlarını təkcə onların şəxsi xidmətlərinin təsdiqi kimi qiymətləndirməyiblər. Özbək musiqiçisi Farrux Zakirov bu mükafatları “Birlik xalqlarına hörmətin, xoş ənənələrin və ötəri olmayan dəyərlərə dəstəyin əlaməti” adlandırıb.

Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərlik etdiyi MDB-nin Gənclər Simfonik Orkestri xüsusi olaraq laureatlar üçün bayram konserti təqdim edib. Orkestr nüfuzlu müsabiqələrin qalibi olan istedadlı gənc musiqiçiləri öz ətrafında toplayıb. Orkestrin əsas tərkibinin çıxışı üçün məkan isə Dubna şəhərindəki (Moskva vilayəti) Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Mədəniyyət evi olub. DHƏF-in çoxdankı tərəfdaşı olan bu məkanda hər il MDB ölkələrinin gənc alimləri təcrübə keçirlər. İnstitut Fonda laureatların təltif olunması mərasiminin keçirilməsində də texniki kömək göstərib.