Sənət pəncərəsindən “Kişi sözü” ilə keçdi, umu-küsülərdən uzaq, sənətə yaxın...
Onu hamı bu obrazında tanıdı, qəbul elədi, sevdi. İllər sonra oynadığı fərqli rollarda daha da püxtələşsə də, aktyor imkanlarının zənginliyini daha ustalıqla tamaşaçıya nümayiş etdirsə də, yaddaşlarda qarabuğdayı siması, arıq görkəmi, “aerodrom” kepkalı və uzunbığlı, sevgisində uduzmuş, amma qürurunu sındırmayan Qasım obrazını unutdurmadı. İstər teatr səhnəsində, istərsə kino ekranında yaratdığı obrazlar feldşer Qasımın populyarlığını azalda bilmədi...
Noyabrın 24-də Azərbaycan tamaşaçısı Xalq artisti, Akademik Milli Dram Teatrının xarakterlər ustası, efir-ekranın ironiyalı gülüş carçısı Əjdər Həmidovun ölüm xəbərini eşitdi. Beləcə dodaqlarda təbəssümə çevrilən bu sadə, həlim, bütün hallarda sakit təbiətli adamı yaddaş kitablarındakı yerindən ön səhifəyə çəkdilər. Əbədiyyət yoluna uğurlamaq üçün.
Sakit təbiətli adam ifadəsini təsadüfən seçmədim. Akademik teatrın səhnəsində illərdi müxtəlif xarakterli obrazlar yaradan, ikinci plan aktyor ampluasından bezsə də, heç vaxt söz-söhbət yaratmayan, səhnədə olmaq xatirinə oynamayan, epizodik obrazda belə tamaşaçıya “məni gör” deməyi bacaran aktyor idi. Sənət, səhnə üçün yaşadı. Umu-küsülərdən uzaq, sənətə yaxın oldu.
Son olaraq onu akademik Milli Dram Teatrının səhnəsində fərqli yozumda təqdim olunan “Dəli yığıncağı” tamaşasında gördüm. Yetəri qədər peşəkar və tanınmış aktyor heyəti olan tamaşada Məkkə Məhəmməd obrazını canlandırırdı. Mirzə Cəlilin bütün ədəbi-əbədi acığını tökdüyü, elə quruluşçu Bəhram Osmanovun da yerdən-yerə vurduğu avam və xudbin obrazını elə gözəl ifa edirdi ki, az qalırdın qəzəb çanağı məşədi-kərbəlayı-hacıların hamısını bağışlayasan. Maraqlıdır ki, bu çoxluq arasından məhz Məkkə Məhəmmədin Əjdər Həmidovu qəhrəmanına bacardığı prizmalardan, ən sadə təsir-təsvirlərdə bəraət qazandırmağa çalışırdı. Onu sevdirmək, bütün günahlarını topuq vuran dilinə, əbləh jest və mimikalarına keçmək üçün oyun üslubunu əməlli-başlı tərəziyə qoymuşdu. Etiraf edək ki, onun bu mizanında yenə də ağır basan peşəkar oyunu, klassik aktyor məktəbinə xas usta manevrləri oldu. Məhz bu obrazı ilə o, yaddaşımızda aktyoru bir ampluada təqdim etməyin növbəti qurbanı kimi qaldı desəm, yanılmaram. Çünki lirik-psixoloji məqamlarda belə ümumi fabulanı istədiyi istiqamətə dəyişə biləcək güclü emosional oyuna malik aktyor idi. Həm də ikincidərəcəli obrazlar ustası.
Aktyorları dərəcələşdirmə, basmaqəlib plan-proqram bölgülərinə görə rejissorları məzəmmət etmək də olar. Amma əksər hallarda ikincidərəcəli rol ifaçıları istər baş qəhrəmanların, istərsə də rejissorların xilasıdır. Tamaşanın yükünü bütün ağırlığı ilə məhz onlar çəkir, ümumi rəngarəngliyi onlar təmin edir, temp-ritmdən ideyanın ifadə formalarınadək onlar təyin edir.
Əjdər Həmidovun obrazlar qalereyasına baxdıqda yuxarıdakı fikirlərin sadə təsvirini anlayır və ayrılıqda obrazdan-obraza özünün aktyor imkanlarını rahatlıqla, elə həm də sadəcə özü üçün sınaqdan keçirən və həmişə qalib gələn aktyor görürük.
Birinci pərdə
Ömür tamaşa, bizdən əvvəl yazılmış pyes üzərində səhnələşdirmədirsə, onun oyunu əvvəldən bəyənilib, alqışlanıb.
14 avqust 1953-cü ildə Şabran rayonunun Mollakomalı kəndində anadan olan Ə.Həmidov 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən gənc aktyor bu sənət ocağının səhnəsində bir sıra maraqlı rollar ifa edib. Gənc aktyorun Vəzir (“Lənkəran xanının vəziri”, M.F.Axundzadə), Milis (“Bəxt üzüyü”, V.Səmədoğlu), Məlik (“Adamın adamı”, Anar), Sərsəri (“Bütün Şərq bilsin”, N.Həsənzadə), Dursunəli (“Dursunəli və ballıbadı”, S.M.Qənizadə) və digər obrazları tamaşaçı rəğbəti qazanıb. Sonra ömrünü Akademik Milli Dram Teatrı ilə bağlayıb, 1990-cı ildən etibarən bu qocaman sənət ocağının səhnəsində bir-birindən fərqli obrazlar yaradıb.
İkinci pərdə
Geniş tamaşaçı auditoriyasının daha çox bu teatrdan tanıyıb sevdiyi aktyor akademik teatrın səhnəsində fərqli xarakterli obrazlara yeni həyat verib. Şeytan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), Birinci kafir (“Burlaxatun”, N.Xəzri), Daşdəmir (“Bu dünyanın adamları”, Hidayət), Vanya yüzbaşı (“Qarabağnamə”, İ.Əfəndiyev), Məşədi Oruc (“Ölülər”, C.Məmmədquluzadə), Şou-Zəli (“Hələ “sevirəm” deməmişdilər…”, R.Novruz), Dito (“Kaş araba aşmayaydı”, O.İoseliani), Nəcəf (“Qürbətdən gələn məktublar”, H.Həsənov), Vasya dayı (“Nazirin xanımı”, B.Nuşiç), Almurad (“Mənim günahım”, İ.Əfəndiyev), Polis (“Generalın son əmri”, V.Səmədoğlu), Hacı Kazım (“Ölülər”, C.Məmmədquluzadə), Balarza (“Almaz”, C.Cabbarlı) kimi tamaşalarda müxtəlif xarakterli obrazlar yaradıb.
“Kinoda göz oynayır”
Onun fikridir. Deyir tamaşada söz, kinoda isə göz oynamalıdır: “Kino və teatrda aktyor oyunu ilə bağlı hərənin bir fikri var. Kimi deyir kino, kimi deyir teatrda rol oynamaq çətindir. Mənim üçün hər ikisi çətindir. Kinoda da, teatrda da aktyor onların fərqini çox yaxşı bilir. Teatrda söz, kinoda gözdür. Kinoda gözlərin işləməlidir, sözü göz deməlidir, səhnədə isə sözü elə deməlisən ki, axırıncı sıradakı insan da onu eşitsin. Səhnədə hər şeyi ört-basdır edə bilirsən, filmdə yox” .
Yaradıcılıq tərcümeyi-halına 20-dən çox ekran işi sığdıran, hər birində öz sözünü ustalıqla deyən aktyor kinoyaddaşdakı rolları arasında daha çox “Kişi sözü”nün Qasımı, “Lətifə”nin Əhmədi, “Hacı Qara”nın Kərəməlisi və çoxseriyalı “Yoxlama” televiziya filminin başıbəlalı Müfəttişi kimi qaldı.
Sənətin dəyəri
Sənətin, sənətkarın dəyərini hər zaman verən dövlətimiz onun yaradıcılığını da diqqətdə saxlayıb. 2002-ci ildə respublikanın “Əməkdar artisti”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına, müxtəlif illərdə Prezident mükafatlarına layiq görülüb. Ölkə başçısı tərəfindən sənətkara mənzil də hədiyyə edilib. Beləcə çox sevdiyi və ləyaqətlə xidmət etdiyi sənətinə görə fərqləndirilib.
“Son”uncu dayanacaq
Maraqlı, dolğun ömür yaşadı qəhrəmanımız. Rəssam olmaq istədiyi halda atasının təkidi ilə aktyorluq sənətinə yiyələndi, necə deyərlər, atasına verdiyi kişi sözünə belə əməl etdi, “Sən istəyirsənsə, mütləq aktyor olacam, arzularını yerinə yetirəcəm” deyib ömrünü teatr, kino sənətinə bağladı. Kinoda daha çox tanınsa da, hər söhbətində “Mən əslində teatr aktyoruyam” deyib səhnənin küncündə olanda da eyni həyəcanla sevindi, sonuncu çəkildiyi “Yoxlama” filminin ağırlığından insult keçirsə belə yenə ekrandan, onu fiziki və mənəvi əzab burulğanına atan obrazlarından qaçmadı.
Sənət üçün fədakarlığı ən ümdə amalı saydı, tamaşaçıya oynamadı, kameranın istədiyi qəlibə düşmədi, rejissorların mizanlarında dolaşmadı. Hər zaman özündən, üz-gözündən, daim dil tapmağa çalışdığı daxildəki Əjdərindən nə isə qatdı rollarına, könül gözünü daim tox tutdu. Beləcə, 67 yaşında hamının yaddaşındakı ilıq təbəssümündə baş qəhrəmanını “can”landırmağa getdi...
Həmidə NİZAMİQIZI