Bu yola haradan və necə başlamalı?

Bu günə kimi efir-ekranda, mətbuatda tez-tez Qarabağ müharibəsi haqqında yaxşı filmlər çəkilmir, sanballı əsərlər yazılmır fikirlərinə rast gəlmişik. Baxmayaraq ki, bu mövzuda maraqlı filmlər də, ədəbi əsərlər də var. Səslənən fikirlərlə tam razı olmayan rejissorların və ssenaristlərin cavabları belə idi: torpaqlarımız azad olunandan sonra Qarabağ mövzusunda daha möhtəşəm əsərlər meydana gələcək...

Müharibə həqiqətlərinin, torpaqları işğal olunan məmləkətin üzləşdiyi faciələrin yetişməkdə olan nəslə, eyni zamanda beynəlxalq aləmə çatdırılmasında kino əvəzsiz vasitədir. Bu mənada Qarabağ həqiqətlərinin dünyada tanıdılması işində kinodan bacardıqca səmərəli istifadə etməliyik. Kino böyük təbliğat silahıdır və dünyada  bu vasitədən istifadə qaydalarını yaxşı bilənlər çoxdur.

Vətən müharibəsində əldə etdiyimiz qələbənin sənətdə əksini tapması aktual məsələyə çevrilib. Torpaqlarımızın işğaldan azad olunması sənətin müxtəlif sahələrində öz təzahürünü tapmalıdır. Kinoda qələbə ruhu mövzusunda fikirlərini bizimlə bölüşən kino mütəxəssislərinin də mövzuya öz baxışları var.

Rejissor Tahir Əliyev deyir ki, kinomuzun Qarabağ səhifəsi son 30 ildə yalnız ümid, “biz qayıdacağıq”, “gələcək bizimdir” kimi şüarlar üzərində qurulmuşdu: “Filmlərimizin sonu, demək olar ki, yox idi. İndi isə yeni səhifə açıldı. Gənc rejissor və ssenaristlər bundan istifadə edəcəklər. Amma burada diqqətli olmaq lazımdır. Ard-arda kütləvi filmlər çəkmək düzgün olmazdı. Mövzunun elə yerinə toxunmaq lazımdır ki, özümüzdən savayı başqaları da filmlərə baxanda acıya bilsin, düşünsün. Necə ki “Pianoçu”, “Şindlerin siyahısı” və s. bu kimi filmlərə baxanda qeyri millətlərin taleyinə acıyırıq. Təbii ki, ədəbiyyatımız, teatrımız və musiqimiz də bundan yararlanacaq”.

Həmsöhbətim bildirir ki, dünyanın ən yaxşı rejissorları bizim kinematoqrafçılar qədər Qarabağ mövzusunu hiss edə bilməzlər. Orada dağıdılan şəhərlər, kəndlər bizim üçün acı tarixdir. Digər xalqları o qədər də maraqlandırmır: “Talan etmək, öldürmək müharibənin reallığıdır. Yəni avropalı və digər millətlərə dağılmış evləri göstərməklə nəsə əldə edə bilmərik. Əsas insan talelərini önə çəkmək lazımdır. İkinci Dünya müharibəsi mövzusunda Azərbaycan filmləri mükəmməldir. Fikir versək, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Mən ki gözəl deyildim” filmlərində müharibə, top-tüfəng yoxdur. İnsan taleyi əsas götürülüb. Belə filmlər çəkilməlidir”.

Tahir Əliyev müharibəni təqdim etmək üçün sənədli, yoxsa bədii effektivlik məsələsinə də toxunur və deyir ki, müharibənin aktiv dönəmində əsas güc xronikanın üzərinə düşür: “Çünki xronika gələcək nəsillər, ümumən tarix üçün vacibdir. Dünyaya Qarabağ müharibəsini çatdırmaq üçünsə əsas bədii filmlərdir. Bu torpaqlar, demək olar ki, talan olunub. Müharibənin bombasından, küçə savaşından, baxımsızlıqdan dağılmaq yox, ermənilər oraları konkret olaraq talan ediblər. Məncə, təəccüblənməyə dəyməz. Belə  düşməndən ayrı şey gözləmək də olmazdı. Neyləmək olar? Bundan sonra diqqətli olmalıyıq. Torpağı öz ahənginə qaytarmaq lazımdır. Bizlər də bu işdə fəal olmalıyıq. O torpaqlarda sadəcə tikib düzəltmək yox, ürəklə yaşamağa və işləməyə ehtiyac var. Hər rayonda isə ən azı dağılmış kəndlərdən muzey düzəltmək lazımdır”.

 

Qarabağ problemi yox, Qarabağ zəfəri

 

Gənc rejissor, əslən Laçın rayonundan olan Amil Məmibəyli deyir ki, bu mövzu ona çox yaxındır: “Debüt filmimin adı belə “Qara bağ”dır və oradakı hadisələr Qarabağla bağlıdır. Bu mövzu məni daima düşündürüb. Şükürlər olsun ki, artıq biz Qarabağ problemindən yox, Qarabağ zəfərindən danışırıq. Bundan əvvəlki filmlərimizdə həmişə bir natamamlıq kompleksi var idisə, 44 günlük savaşdakı tarixi qələbədən sonra artıq biz o vəziyyətdən çıxdıq. Daha bizim Vətən müharibəsində Qələbəmiz var. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi zəfəri bizi böyük bir sevincə qərq etdi. Hamımız şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarının şahidi olduq. Belə olan halda artıq finalı qələbə ilə yekunlaşan filmlərimiz, əlbəttə ki, olacaq. Mən daha çox məhz bu mövzularda film çəkmək istəyirəm. Bir rejissor olaraq, film çəkməzdən əvvəl öz evimizə getmək, dədə-baba yurdumuzu görmək fikrindəyəm. Atam, anam və mən çox xoşbəxtik. Onların sevinci mənə bəs edir ki, bu sevincdən nə qədər ilham alım. Mən onlarla birlikdə Laçına getmək, doğmalarımın sevincini görmək istəyirəm. Rejissor üçün əsas meyar yaşantıdır. O yaşantılar yerində və öz ünvanında olanda adamın içində bir rahatlıq yaradır. Bir sözlə, həyatımızın bugünkü reallığı olan qələbəmiz kimi, tezliklə milli filmlərimiz də öz yeni tarixi salnaməsini yazacaq”.

 

Qarabağı qururuq paradiqması

 

Son dövr kinomuzda Qarabağ mövzusunda ən uğurlu filmlərin rejissoru kimi tanınan Əməkdar incəsənət xadimi Elxan Cəfərovun da fikirlərini öyrəndik: “Bilirsiniz ki, mən bu mövzuda üç film işləmişəm. “Dolu” (2012), “Yarımçıq xatirələr” (2015) və “Qarabağdır Azərbaycan” (sənədli-bədii film 2009). Bu filmləri işləyən zaman heç vaxt bizim qalib ölkə olub-olmadığımız mənim üçün əsas olmayıb. Əgər bundan əvvəl bizim filmlərdə Qarabağa necə qayıtmağımız, Qarabağsız Azərbaycan, biz Qarabağı heç vaxt unutmayacağıq kimi mövzular idisə, bundan sonrakı dövrdə kinonun Qarabağla bağlı paradiqması artıq Qarabağı qururuq mövzusu olmalıdır. Biz qalib gəldik, biz torpağımızı qaytardıq və bundan sonra Qarabağımızı necə çiçəkləndirəcəyik?”.

Həmsöhbətim deyir ki, Vətən müharibəsinin özü bütövlükdə bir mövzudur: “Həm döyüş səhnələri, orada döyüşən gənclərin əhvalı, psixoloji məqamlar və s. Yəni bu təkcə bina tikmək deyil, ictimai-sosial münasibətlər, orada yaşayan insanlar, qayıtmış insanlar, bir sözlə, mövzular genişdir və bunların hər biri kinomuzda yeni səhifə olacaq”.

 

***

 

Vətən müharibəsi zamanı düşmənin mülki insanları hədəfə almasından bəhs edən iki sənədli televiziya filminin müəllifi olan rejissor Ramil Ağasıyev isə müharibədə zəfərin kinoda əksi ilə bağlı hələ tələsmir. Deyir, biz müharibənin terror tərəfini gördük: “Amma müharibə haqqında çox incəlikləri bilmirik. Müharibənin bütün təfərrütları aydınlaşandan sonra onu kinoda əks etdirmək olar”.

 

***

 

Şübhəsiz, qələbədən sonra Vətən müharibəsi haqqında daha güclü ssenarilər yazılacaq, filmlər çəkiləcək. Ali Baş Komandanın bu 44 gündə xalqa müraciətləri, əsgərlərimizin qəhrəmanlıqları və müharibədən geri qalanlar şanlı salnamə, tarixdir. Bütün bunlar mövzu olaraq ciddi şəkildə ədəbiyyatda və kinoda öz əksini tapacaq.

Lalə AZƏRİ