Ağarəhim Əliyev: «Bu sahəyə təsirin gücləndirilməsinə çalışıram»
   
   Hər bir turisti ölkəyə cəlb edən mühüm amillərdən biri də müasir standartlara uyğun hotellərin olmasıdır. Aparılan araşdırmalar göstərir ki, bu gün bir sıra MDB ölkələri ilə müqayisədə Azərbaycanda hotelçilik daha yaxşı inkişaf edib. Azərbaycanda hazırda mövcud olan iqtisadi inkişafın içərisində hotellərin yaranması təqdirəlayiqdir. Lakin bu sahə turizmin inkişafına hazırda çox zəruri olan təkanı verə biləcək həddədirmi sualına müsbət cavab vermək, hələ ki mümkün deyil. Çünki hotelçilik özəl sahə olduğundan dövlət onların işinə müdaxilə edə bilmir. Burda bir məqamı qeyd etmək yerinə düşərdi ki, 2008-ci ildə turizmdən 22 milyard dollar gəlir götürən Türkiyədə dövlət və özəl sektor turizm sahəsində müştərək işləyir. Bəs Azərbaycanda bu sahədəki mövcud durumu hansı yolla tənzimləmək mümkündür?
   
   Sualımıza cavab almaq üçün Azərbaycan Hotel Kompleksləri Assosiasiyasının prezidenti Ağarəhim Əliyevə müraciət etdik.
   Söhbətini əsasən tənqid üzərində quran Ağarəhim müəllim hotel komplekslərinin işini tənzimləməkdə müəyyən çətinliklərlə üzləşdiklərini bildirdi: «Hazırda Bakı şəhərində 165, bütün ölkədə isə 500-dən artıq hotel fəaliyyət göstərir. Amma bunu dəqiq say hesab etmək olmaz. Çünki hotellərin sayı gündən-günə artır. Lakin bu o demək deyil ki, onların hamısı normal fəaliyyət göstərir. Bu hotellərin bəzilərinin lisenziyası yoxdur. Lisenziyasız fəaliyyət göstərmək də çətindir. Onu da etiraf edim ki, əksər hotellər işini düzgün istiqamətdə qurmur. Burada işləyənlərin çoxu təsadüfi adamlar olur. Bu hotellərdə ixtisaslı kadrlara, təcrübəli mütəxəssislərə demək olar ki, rast gəlmək mümkün deyil. «Hotel xidmətçisi» ifadəsinin çox geniş anlamı var. Bunu bəzi insanlar başa düşmürlər. Turist kimdir? Əvvəla, turist ölkənin qonağıdır. İkinci tərəfdən, insanlar yeməklərinə, xərcliklərinə qənaət edərək 2-3 il ərzində pul yığırlar ki, normal bir ölkədə istirahət etsinlər, oranın tarixi, mədəniyyəti ilə bağlı maraqlı məlumatlar əldə etmək imkanı qazansınlar. Bu səbəbdən də ölkəyə gələn turistlər dövlət səviyyəsində qarşılanmalıdır. Amma gəlin görək, bizdə hotel rəhbərlərini bu məsələlər maraqlandırırmı? Xeyr. Onları ancaq bir şey düşündürür, gələn qonaqdan mümkün qədər çox pul qoparmaq, vəssalam».
   Bəs hotellərin işini hər hansı bir formada tənzimləmək mümkün deyilmi? Agarəhim müəllimin fikrincə, əslində bu, elə onun rəhbərlik etdiyi qurumun işidir: «Amma təsəvvür edin ki, bu hotellərin rəhbərlərini başa sala bilmirik ki, assosiasiyaya üzv olmalıdırlar. 2 ildir rəhbərlik etdiyim qurum yaradılıb. Cəmi 48 üzvümüz var. Böyük hotellərin əksəriyyəti dünyada məşhur olan brendlər altında fəaliyyət göstərir. Həmin brendin daxil olduğu hotellər şəbəkəsi də bu hotellərə rəhbərlik etmək üçün öz adamlarını göndərirlər. Bu gün Azərbaycanda mehmanxana sistemində baş müdirlərin əksəriyyətinin əcnəbi olması narahatçılıq yaradan hallardan biridir. Məsələni daha da çətinləşdirən amil isə sözügedən hotellərdə həmyerlilərimizin çox aşağı əməkhaqqı ilə işləmələridir. İndi biz bir məsələnin də həllinə nail olmaq istəyirik ki, hər bir hotelin həmkarlar təşkilatı yaradılsın. Bu zaman həmin müəssisələrdə işçilərin əmək hüquqları qorunacaq. Əcnəbilərin yalnız bir məqsədi var. Mümkün qədər çox pul qazanmaq və çıxıb getmək. Niyə biz öz vətəndaşlarımıza üstünlük verməyək? Xarici elə-belə gəlmir. Ona ev tutulur, maşın verilir, sığorta etdirilir. Bütün bunların hamısı puldur. Ona görə də çalışıb öz soydaşlarımızı yetişdirib, hotellərdə yuxarı vəzifələrə oturtmalıyıq».
   Ağarəhim müəllimin dediyinə görə, heç bir əcnəbi hotel rəhbəri ilə şəxsi-qərəzliyi yoxdur, amma fakt odur ki, rəhbərin əcnəbi olması hotellərin normal fəaliyyət göstərmələrinə də imkan vermir: «Dediklərimdən sizdə elə təsəvvür yaranmasın ki, xarici mütəxəssisin burda çalışmasına qərəzim var. Xeyr. Sadəcə, istədiyim odur ki, burda işləyən insan əvvəlcə adət-ənənələrimizi, mədəniyyətimizi, mətbəximizi öyrənsin. Bunun üçün xüsusi qayda tətbiq edilməlidir. Mənim mətbəximi bilməyən, adət-ənənələrimizdən xəbərdar olmayan adam ölkəmə gələn qonağı necə yola sala bilər? Üstəlik, hotellərimiz Azərbaycanın mədəniyyətini, həyat tərzini təbliğ etməlidir. Bu gün mehmanxanalarda geniş təbliğat işi aparılmalı, onların içərisində milli mətbəxə malik restoran, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə və Azərbaycanın digər tanınmış rəssamlarının əsərlərindən ibarət qalereya fəaliyyət göstərməlidir. Hotelə daxil olduqda oradan dahi Üzeyirin, Qara Qarayevin, Fikrət Əmirovun və başqa korifey bəstəkarlarımızın musiqilərinin səsi gəlməlidir. Və yaxud bu gün muğama dövlət səviyyəsində bu qədər diqqət ayrılır. Bütün dünya Azərbaycan muğamına heyrandır. Amma hansısa bir hoteldə muğamdan nişanə görə bilərsənmi? Yox. Xarici ölkələrdə bu sahəyə çox böyük önəm verilir. Azərbaycanın tarixi minilliklərə gedib çıxır. Sadəcə olaraq, biz özümüzü təbliğ etmirik. İndi elə hotellər var ki, onların daxilində «Quba zalı», «Şirvan zalı» adlanan zallar fəaliyyət göstərir. Amma həmin zallarda addan başqa azərbaycançılıq hiss olunmur. Hotel başdan-ayağa Avropa üslubunda hazırlanıb. Amma avropalı bunları öz evində görür axı!.. Ona maraqlıdır ki, gəldiyi ölkəni görsün. Buna görə də Azərbaycanda fəaliyyət göstərən hər kəs bu ölkənin qanunlarına tabe olmalıdır».
   İşində belə nöqsanları olan hotellər içərisində ulduz alanların da olduğunu deyən AOKA prezidenti bildirdi ki, ulduzu olan hotellər öz işlərini elə qurmalıdırlar ki, onlardan qonaqların heç bir narazılığı olmamalıdır: «Əksər hotel sahibləri elə bilirlər ki, ulduz aldılar, bununla da iş bitdi. Elə deyil axı. Hər bir ulduz daha artıq məsuliyyət deməkdir. Gərək ulduzu «işlədəsən» ki, o da gün-gündən parıldaya. Yoxsa ki, al, at bir qırağa. Bir neçə ildən sonra görəcəksən ki, pas atıb. Hər bir hotel rəhbəri, xüsusilə də ulduz alan hotellərin sahibləri öz məsuliyyətlərini dərk etməlidirlər. Elə bəzi hotellərin rəhbərləri bu məsuliyyətin ağırlığını bildiyindən ulduz almağa çalışmırlar. Çünki bilirlər ki, bu ulduza layiq işləməlidirlər. Axı turist bir dəfə gəlmir. Qonağı elə yola salmaq lazımdır ki, o, bir də gəlmək istəsin».
   Bunun bir səbəbinin də vergidən yayınmaq olduğunu deyən mütəxəssis bildirdi ki, hotel rəhbərləri bununla digər tərəfdən turistlərin həyatına təhlükə yaradırlar. Belə ki, daha az vergi ödəməyin müxtəlif yollarını arayan hotellər hətta istifadə etdikləri ərzaqlara belə həkim kağızı almırlar: «Bu yaxınlarda Meksikada A/H1N1 virusu yayılanda assosiasiya olaraq hotellərə bazardan alınan bütün malların sənədləşdirilməsi ilə bağlı göstəriş verdik. Amma gəlin görək bu göstərişə hansı hotel əməl etdi. Heç biri. Niyə? Çünki sənədlə işləyəndə istər-istəməz fəaliyyətləri nəzarət altına düşür. Bu isə onlara sərf etmir. Sovet dövründə hətta göyərtini belə sənədlə alırdıq. Bu, həm mehmanxanamızda qalan qonağın sağlamlığına tam təminat verirdi, həm də işimizi şəffaf qurmağa kömək edirdi. Bu səbəbdən də arzulayan insanlar «İnturist»də qala bilirdilər. Üstəlik, balıq məhsullarını ancaq bəzi aylarda yeməklərin siyahısına salırdıq. Hətta çiyələyi belə turistlərin menyusuna daxil etməyə ehtiyat edirdik. İndiki hotellərdə isə bu qaydaların heç birinə əməl edilmir».
   Hazırda hotellərin sovet dövründə olduğu kimi, dövlətə məxsus olmadığını, özəl müəssisə kimi fəaliyyət göstərdiyini xatırlatdıqda isə A.Əliyevdən maraqlı cavab aldıq: «Özəl sahə anarxiya demək deyil axı. Özəl adı ilə gəlin dövləti pis vəziyyətə qoymayaq. Əksinə, işimizi nümunəvi qurmaqla daha çox nailiyyət qazana bilərik. Bütün turizm müəssisələri satdığı malın təmizliyinə təminat verən xüsusi topdansatış mərkəzindən alver etməlidirlər. Mən belə bir təcrübəni bu yaxınlarda səfər etdiyim Səudiyyə Ərəbistanında gördüm. Təsəvvür edin ki, bu tapdansatış müəssisəsi özəl olmaqla, bir nəfər şeyxə mənsub idi. Buradan təkcə turizm obyektləri deyil, şəhərin bütün mağazaları alver edirlər. Çünki bilirlər ki, aldıqları malın tam təminatı var».
   Assosiasiya prezidenti deyir ki, hotellərdə ixtisaslı kadrlara da ehtiyac var. Bu problemi həll etmək üçün hotel müdirlərinə öz əməkdaşlarını təcrübə toplamaq məqsədilə turizmin yüksək inkişaf etdiyi ölkələrə göndərməyi məsləhət bilsələr də, çox vaxt onlar bundan imtina edirlər: «Öz təcrübəmdən çıxış edərək deyirəm ki, bunun effekti çox böyük olur. «İnturist»də biz əməkdaşlarımızı İngiltərəyə, Fransaya, hətta Amerikaya göndərirdik və yüksək nəticələr də əldə edirdik. Amma indi hotel sahibləri bunu etmək istəmirlər. Çünki buna maliyyə sərf etmək lazımdır. Hətta sizə bir faktı da deyim ki, əksər hotellər bu mövsümdə işlədikləri insanlarla növbəti mövsümdə işləmirlər. Küçədən kim gəldi, təki ucuz işçi qüvvəsi olsun, gətirib işlədirlər. Buna görə də bizdə xidmətin keyfiyyəti aşağıdır».
   A.Əliyevin AOKA prezidenti kimi hotellərə təsir mexanizminin gücləndirilməsinə, onların işinə nəzarət olunmasına çalışdığını bildirdi və hotel rəhbərlərinə öz tövsiyələrini də verdi: «Bu gün dövlət tərəfindən turizm sahəsinə böyük diqqət yetirilir. Bu sahə günü-gündən inkişaf edir. Biz niyə bu inkişafdan yararlanmayaq? Hərə öz sahəsinin mütəxəssisi olmalıdır. Müstəqilliyimizdən istifadə edib nöqsanlarımızı aradan qaldırmalı, insanlarımızın rahatlığı üçün əlimizdən gələni etməliyik».
   Sonda Ağarəhim müəllim maraqlı bir məlumatı da nəzərimizə çatdırdı ki, AOKA Beynəlxalq Hotel Kompleksləri Assosiasiyasına üzv olmağa hazırlaşır. Artıq quruma üzvlük üçün müraciət etdiklərini deyən mütəxəssis, yaxın vaxtlarda onların məsələsinə baxılacağını da bildirdi.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar