O, tanınmış bir nəslin nümayəndəsidir. Həmişə şux, səliqəli geyimi ilə diqqəti cəlb edir. Yaşı 90-nı haqlasa da, sənət adamlarının yubileyləri, xatirə gecələri, kitab təqdimatları və s. tədbirlərdə yaxından iştirak edər, ürək sözlərini, xatirələrini bölüşər, gənc nəslə ağsaqqal nəsihəti verər. Üzeyir bəyi, Qara Qarayevi, böyük nəslin nümayəndələrini yada salan zaman isə kövrələr. Bəzən də elə duzlu-məzəli bir xatirə danışar ki, bütün zalı özünə cəlb edər.
Sadə olduğu qədər dürüst, dürüst olduğu qədər də qürurlu insan, görkəmli bəstəkar və pedaqoq, Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanov. 90 illik yubileyini qeyd edən sənətkarla bu ərəfədə bir neçə dəfə telefonla əlaqə saxladıq, ürək sözlərini dinlədik. Ona göstərilən diqqətə görə təşəkkürünü bildirən bəstəkar bu günlərdə akademik Rafael Hüseynovun müəllifi olduğu “Bakıxanovlar” sənədli filminin nümayişini də sevinclə qarşıladığını dedi.
Müsahibələrində “Mən xəstəliyə qalib gəlmişəm, dünyasını vaxtsız dəyişmiş qızımın övladlarını böyütmüşəm.
Saysız-hesabsız istedadlı musiqiçi yetişdirmişəm, Azərbaycan musiqisinin, o cümlədən öz əsərlərimin xaricdə təbliği ilə məşğul olmuşam. Bütün həyat və yaradıcılığımı mədəniyyətlərin qarşılıqlı münasibətlərinə həsr etmişəm. Hər dəfə yubileylərim dövlət səviyyəsində qeyd olunub”, deyən sənətkar bu dəfə də təvazökarlıqla bildirdi: “Məndən yazmaq istəyirsinizsə, haqqımda yazılan kitablara müraciət edin. Özümdən nə danışım ki. Bakı Musiqi Akademiyasının kitabxanasında haqqımda yazılan kitablar var. Bu kitablar bütün sənət yolumu və yaradıcılığımı əhatə edir. Mən özümü gənc, güclü hiss edirəm, ona görə də beynimdə rəqs melodiyaları, ritmlər səslənir”.
Onun yaradıcılıq coğrafiyası da genişdir. Bakı Musiqi Akademiyasının kamera ansamblı ilə MDB dövlətlərinə səfərlər, İran, Türkiyə, Şimali Kipr, ərəb ölkələri ilə yaradıcılıq əlaqələri, Azərbaycan musiqisinin təbliğatı. Tehranın Sura İncəsənət Universitetində mühazirələr, Tehran, İsfahan, Şiraz, Təbriz və Ərdəbildə müəllif konsertləri, türk bəstəkarı Həsən Fərid Alnarın 100 illiyinə və Türkiyə Cümhuriyyətinin 86 illiyinə həsr olunmuş üç konserti də qeyd etmək olar. Rusiyaya, Mərkəzi Asiyaya, Baltikyanı respublikalara, Gürcüstana yaradıcılıq səfərləri...
***
Tofiq Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu ağa Bakıxanovun nəticəsidir. İlk musiqi təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) nəzdindəki onillik musiqi məktəbində (Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə Əməkdar müəllim M.İ.Simberovdan alıb. Sonra konservatoriyada təhsilini davam etdirərək bəstəkarlıq və skripka ixtisaslarına yiyələnib. 1953-cü ildə bəstəkarlıq üzrə Qara Qarayevin sinfini bitirib. Tofiq Bakıxanov tələbəlik illərində ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi çalışıb.
Tofiq Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik əsərlər üstünlük təşkil edir. O, üç balet (“Xəzər balladası”, “Şərq poeması” və “Xeyir və Şər”), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 30 konsert, 20 sonata, 5 simfonik muğam (“Nəva”, “Şahnaz”, “Rahab”, “Humayun”, “Dügah”), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlər, 100-dən artıq mahnı və romansın müəllifidir.
***
Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında gənc nəslə musiqinin sirlərini öyrədir. 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1991-ci ildə “Xalq artisti” fəxri adlarına layıq görülən bəstəkar 1983-cü ildən BMA-nın professorudur. 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Haqqında 20-ə yaxın kitab və monoqrafiya, silsilə məqalələr yazılıb. Eyni zamanda “Tofiq Bakıxanov” adlı televiziya filmi çəkilib.
Bəstəkar bu gün də xalq musiqisindən qidalanan bir-birindən gözəl əsərlər yaradaraq milli musiqi xəzinəmizi zənginləşdirir. O hər gün, hər an yaradıcılıqla məşğuldur, narahat və fəal insandır. Müxtəlif janrlarda yazılan əsərləri görkəmli sənət ustalarımızın ifasında yüksək professionallıqla və zövqlə səslənir. Tofiq Bakıxanov milli musiqiçi kadrların yetişməsində əməyi olan pedaqoq, eləcə də görkəmli musiqi xadimləri ilə bağlı məqalələrin müəllifi olan musiqişünasdır.
Sənətkarın musiqiçi kimi yetişməsində boya-başa çatdığı sənət mühitinin rolu danılmazdır. Atasından öyrəndiyi muğamlar onun yaradıcılığı üçün əsas bünövrə olub. Qara Qarayev kimi dahi musiqiçidən dərs alması isə onun bəstəkarlıqda öz dəst-xəttini yaratmasına vəsilə olub. Məhz bu iki amil – xalq musiqisinə dərin bağlılıq və Qara Qarayev məktəbi onun bəstəkar kimi ad-san qazanmasına, daha uğurlu nəticələr əldə etməsinə, musiqinin bütün janrlarında dəyərli əsərlər yaratmasına səbəb olub.
Uzun illər Bakı Musiqi Akademiyasının Kamera ansamblı kafedrasında, Bakı Musiqi Kollecinin Simli alətlər şöbəsində dərs deyən sənətkar skripka və kamera ansamblı ixtisası üzrə savadlı kadrlar hazırlayıb. İfaçılıq və pedaqoji fəaliyyəti bir-birindən ayırmayan bəstəkarın kamera-instrumental əsərləri məhz bu birliyin təzahürüdür.
Bəstəkarın kamera-instrumental janrda yazdığı hər bir əsəri onun bir bəstəkar kimi üslubunun necə zəngin olduğunu göstərir. Sonatalarını dinləyəndə Şərq xalqlarının musiqi folkloru, milli üslub və rənglərin harmoniyasını hiss edirsən. Bu da müəllifin hərtərəfli dünyagörüşünün, musiqi duyumunun, bəstəkarlıq məktəbləri və s. haqqında dolğun biliyinin təzahürüdür. Tofiq Bakıxanovun əsərlərinin hər birində müasir və eyni zamanda tarixə mükəmməl bələd olan insanın zəngin daxili aləmi, nikbin duyğuları hiss olunur. Milli çalğı alətimiz üçün yazdığı tar konsertləri və bu konsertlərin ilk və mahir ifaçısı görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyevə həsr etdiyi “Ramiznamə” əsəri onun yaradıcılığının gözəl nümunələrindəndir. Bəstəkarın milli musiqi intonasiyalarına əsaslanan professional sənət nümunələri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Milli musiqiyə münasibəti onun bu kökə dərindən bağlı olmasının ən gözəl təzahürüdür. Bu cəhət sənətkarın mahnılarının da əsas qayəsini təşkil edir. Onu da qeyd edək ki, Tofiq müəllimin mahnıları onun yaradıcılığında xüsusi yer tutur. “Sevməyir, qoy sevməsin”, “Azərbaycan gölləri”, “Sevən könül”, “Özbək bacı”, “Yaylaqların mahnısı”, “Gözəlliklər məskəni” və başqa mahnıları bir çox ifaçıların repertuarını bəzəyib.
***
Tofiq Bakıxanov mədəniyyətimizin böyük bir dövrünün canlı şahidi, bilicisi və fəal təbliğatçısıdır. Onun korifey musiqi xadimləri ilə bağlı məqalə və xatirələri gələcək nəsillər üçün qiymətli mənbədir.
“Mədəniyyət” qəzetinin redaksiyası adından yubilyar sənətkara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Lalə AZƏRİ