Dünya üzrə təxminən 200 milyona yaxın üzvü olan “Netflix” platformasının İstanbulda ofisi açılacaq. Bu, Türkiyədə istehsal olunan uğurlu ekran əsərlərinin dünya tamaşaçısına tanıdılmasında əhəmiyyətli rol oynayacaq.
“Netflix” platformasından bildirilib ki, Türkiyədəki sərmayələrini artıran şirkətin ofisinin 2021-ci ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy xüsusilə son on beş ildə əhəmiyyətli inkişaf yolu keçən yerli kino və teleserial sektorunun iqtisadi artımla yanaşı, həm də mədəni diplomatiya sahəsinə böyük töhfələr verdiyini bildirib. “Netflix” kimi qlobal bir şirkətin ölkəmizdə ofis açması qərarını məmnuniyyətlə qarşıladıq. Türkiyə istehsalı olan film və serialların 190 ölkədə izlənə bilməsi bu sektorun daha geniş beynəlxalq cəmiyyətə tanıdılması və film turizminin inkişafına zəmin olacaq”, – deyə nazir əlavə edib.
“Netflix” platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsə malik ölkə olduğunu bildirib.
Amerikanın əyləncə şirkəti olan “Netflix” bütün dünyaya film və serialların miltimedia təchizatını (yayımını) həyata keçirir. 1997-ci ildə əsası qoyulan şirkətin baş ofisi Los Qatos şəhərində (Kaliforniya ştatı) yerləşir.
Mehparə SULTANOVA
Ankara