Gitara dünyada ən populyar çalğı aləti sayılır. Təkcə ABŞ-da ildə 2,5 milyon gitara satılır. Belə bir deyim var: “Gitaraçını xoşbəxt edən nədir?” Cavab çox sadədir: “Daha yeni bir gitara”. Məhz buna görə də istər peşəkar, istərsə də həvəskarlar özlərinə hər dəfə yeni bir gitara alırlar. Çünki hər yeni alətin öz incəlikləri var.

Rok və bluz musiqisi tarixində tanınmış gitaraçıların məşhur gitaraları olub. Hər bir alətin də öz taleyi və tarixçəsi.

Dünya şöhrətli Bi Bi Kinqin  “Lucille” gitarasının da öz tarixçəsi var. Arkansas klublarının  birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə əlbəyaxa olurlar. Axırda onlar klubda yanğın törədirlər. Hamı bayıra qaçır. Birdən B.B. Kinqin yadına düşür ki, bahalı “Gibson” markalı gitarasını içəridə unudub. Birtəhər geri dönüb sevimli gitarasını xilas edir və o vaxtdan adını “Lucille” qoyur.

Cimmi Peycin “Les paul” gitarası da öz məşhurluğu ilə yadda qalıb. “Led Zeppelin” qrupunun yaradıcısının karyerası boyu əlindən 1500 gitara keçib. Onun “Nömrə bir” və “Nömrə iki” adlandırdığı gitaraları 1959-cu ilin “Gibson Les Paul” gitaralarıdır.

Cimi Hendriksin “Monterey”i çox qısa bir həyat sürüb. Bu gitaranı o, Monterey festivalında “Wild thing” mahnısını ifa etdikdən sonra tamaşaçıların gözü qarşısında yandırmışdı. Bu, rok tarixində ən yaddaqalan hadisələrdən biri olub. Tamaşaçılar elə düşünürdülər ki, Cimi gitarasını sındıracaq, amma o, gözlənilməz hərəkəti ilə hamını təəccübləndirib.

“The red special”, “The fireplace” və ya “The old lady” – adları müxtəlif olsalar da, söhbət “Queen” qrupunun gitaraçısı Brayn Meyin ilk gitarasından gedir. O zaman ifaçının gitara almağa pulu yox idi. Ona görə də belə qərara gəlir ki, öz zəhməti ilə özünə mükəmməl bir alət düzəltsin. İfaçı gitarasını atasının köməkliyi ilə 1963-1964-cü illərdə düzəltmişdi. Alətin düzəldilməsində o, evlərindəki masa, köhnə soba, anasının toxuculuqda işlətdiyi mil və köhnə motosiklet detallarından istifadə edib. Bu gitara o dövr üçün ona 18 funt sterlinqə başa gəlir. B.Meyin düzəltdiyi gitaranın səsi başqa qitaraların səsinə bənzəmir, özünəməxsusluğu ilə seçilirdi. Brayn gitarasını məktəbə aparanda sinif yoldaşlarından biri onu öz gitarasıyla dəyişməyi təklif etsə də, o, razılaşmır.

Brayn Mey uzun illər öz sevimli gitarasından ayrılmır və indi də ifaları ilə tamaşaçıların qəlbini coşdurur.