Azərbaycan

 

9 dekabr 1918 – Yazıçı, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Cəlal Cabbar oğlu Məmmədov (1918 – 4.2.1983) anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru işləyib. Rus ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatından rus dilinə tərcümələr edib.

9 dekabr 1963 – Rejissor, Əməkdar incəsənət xadimi Lətif Bəşir oğlu Səfərov (30.9.1920 – 1963) dünyasını dəyişib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub.

9 dekabr 1973 – Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Əmir oğlu Abdullayev (22.3.1914 – 1973) vəfat edib. Musiqili Komediya Teatrında fəaliyyət göstərib, “Arşın mal alan” (1945), “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

10 dekabr 1916 – Əməkdar artist Firuzə Xanlar qızı Bədirbəyli (1916-1992) Şəmkir rayonunun Morul kəndində doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.

10 dekabr 1918 – Xalq artisti, tanınmış opera müğənnisi Gülxar İbrahim qızı Həsənova (1918 – 30.3.2005) Şəmkir rayonunda anadan olub. Gənc Tamaşaçılar Teatrında səhnə fəaliyyətinə başlayıb. 1942-1980-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub, filmlərdə, televiziya tamaşalarında çəkilib.

10 dekabr 1924 – Xalq şairi, dramaturq, Dövlət mükafatları laureatı Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 – 15.1.2007) Bakının Xırdalan qəsəbəsində doğulub. Kitabları: “İllər və sahillər”, “Ulduz karvanı”, “Ağ şimşəklər” və s. “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc” və s. pyeslərin müəllifidir. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub.

10 dekabr 1935 – Əməkdar rəssam, Dövlət mükafatı laureatı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub. “Azərbaycanfilm”də kino rəssamı işləyib. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır!” və s.

10 dekabr 1996 – Əməkdar incəsənət xadimi, şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927-1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.

 

11 dekabr 1918 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı Bayram Salman oğlu Bayramov (1918 – 9.11.1994) Ağdam rayonunun Şıxavənd kəndində anadan olub. “Yarpaqlar”, “Arakəsmələr”, “Karvan yolu”, “Tək palıdın kölgəsi”, “Cıdır düzü” və s. romanların müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.

11 dekabr 1933 – Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (17.5.1870 – 1933) vəfat edib. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ac həriflər” və s. pyeslərin, hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. Teatr tamaşalarına quruluş verib. Bakı Dövlət Universitetində dərs deyib. 

 

Dünya

 

9 dekabr 1048 – Böyük türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 4.9.973 – 1048) vəfat edib.

9 dekabr 1717 – Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann; 1717-1768) anadan olub.

 

10 dekabr Dünya İnsan Haqları Günüdür (Human Rights Day). 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyasında “Dünya insan haqları Bəyannaməsi”nin qəbul olunması ilə bağlı təsis edilib. 1950-ci ildən beynəlxalq miqyasda qeyd edilir.

10 dekabr 1821 – Rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 - 8.1.1878) anadan olub. “Rusiyada kim yaxşı yaşayır”, “Rus qadınları”, “Şaxta, Qırmızıburun”, “Kəndli uşaqları” və s. poemaların müəllifidir.

10 dekabr 1890 – Başqırd şərqşünası və türkoloqu, filosof, ictimai-siyasi xadim Əhməd Zəki Validi Toğan; 1890 – 28.7.1970, Türkiyə) anadan olub.

 

11 dekabr 1803 – Fransız bəstəkarı Hektor Berlioz (Louis-Hector Berlioz; 1803 – 8.3.11869) anadan olub. Əsərləri: “Fantastik simfoniya”, “Benvenuto”, “Çellini” operaları və s.

11 dekabr 1890 – Məşhur Argentina müğənnisi, aktyor, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel; 1890-1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.

11 dekabr 1913 – Fransız aktyoru, rəssam, heykəltəraş Jan Mare (Jan Alfred Villen-Mare; 1913 – 8.11.1998) anadan olub. “Bəyaz gecələr”, “Qraf Monte-Kristo”, “Parisin sirləri”, “Dəmir maska” və s. filmlərdə  yaddaqalan rollar yaradıb.

11 dekabr 1918 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (1918 – 3.8.2008) anadan olub. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya olunub, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. “Xərçəng korpusu”, “Birinci dairədə”, “Qırmızı təkər” və s. romanların müəllifidir.

Hazırladı:  Vüqar ORXAN