Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli Musiqi məktəbinin şagirdləri Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ kuboku 2020” adlı onlayn beynəlxalq incəsənət yarışmasında iştirak ediblər.

İdarədən bildirilib ki, yarışmaya bütün bölgələrdən, paytaxt Bakıdan, eləcə də qonşu ölkələrdən – Gürcüstan, Türkiyə, İran və başqa yerlərdən iştirakçılar qatılıblar. Bu il yarışmada gücünü sınayanlar xüsusi həvəs və şövqlə çıxış ediblər. Səbəb isə ordumuzun ön cəbhədə bizə yaşatdığı Qələbə sevincləri ilə bağlıdır.

Məktəbin şagirdlərindən Elmira Dadaşova “Simli alətlər” nominasiyasında violin ixtisası üzrə I yerə, Nuray Əhədzadə “Klaviatura alətləri” nominasiyasında fortepiano ixtisası üzrə I yerə, Zeynəb Bağırzadə eyni nominasiyada fortepiano ixtisası üzrə 2-ci yerə layiq görülüb və laureat adını qazanıblar.