Xəbər verdiyimiz kimi, MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən təsis edilmiş “Birliyin ulduzları” və “Debütlərin birliyi” mükafatlarının bu il üçün laureatları elan edilib. Noyabrın 27-də onlayn formatda keçirilən mərasimdə laureatları Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Fondun həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, DHƏF-nin icraçı direktoru Anatoli İksanov təbrik ediblər.

Ölkəmizdən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Birliyin ulduzları” mükafatına, şairə Səidə Sübhi (Salayeva) isə “Debütlərin birliyi” mükafatına layiq görülüblər.

“Debütlərin birliyi” beynəlxalq mükafatı bu il kitab və mütaliə işinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən gənc mütəxəssislərə təqdim edilib. Beynəlxalq mükafat üçün elan edilmiş müsabiqəyə Mədəniyyət Nazirliyi və “Söz” ədəbi layihəsi tərəfindən gənc və istedadlı şairə Səidə Sübhinin namizədliyi irəli sürülmüşdü.

Xatırladaq ki, “Söz” ədəbiyyat layihəsi Azərbaycanda bir çox gənc müəlliflərin yaradıcılıq taleyində fəal şəkildə iştirak edir, gənc istedadlara dəstək verir. Səidə Sübhi “Söz” layihəsi çərçivəsində dəstəklənən istedadlardan biridir. O, qısa müddət ərzində ölkəmizdə rusdilli poeziya xiridarlarının və ədəbiyyatsevərlərin rəğbətini qazanıb, Azərbaycanda, eləcə də xarici ölkələrdə bır sıra ədəbi mükafatlara layiq görülüb.

“Debütlərin birliyi” mükafatına azərbaycanlı şairə Səidə Sübhi ilə yanaşı, Belarusdan kitabxanaçı Yekaterina Rovdo, Rusiya və Moldovadan tərcüməçilər Yevgeniya Baranova və Diana Jalbe və başqaları layiq görülüblər.

Humanitar sahədə ən yüksək nailiyyətlərə görə verilən “Birliyin ulduzları” mükafatının builki laureatları arasında akademik Nailə Vəlixanlı ilə yanaşı, Qazaxıstan Dövlət Akademik Musiqili-Dram Teatrının bədii rəhbəri Talqat Temenov, Moldovanın “Qızılgüllər küçəsindən” Gənclər Teatrının direktoru Yuri Xarmelin, Özbəkistanın məşhur “Yalla” ansamblının bədii rəhbəri Fərrux Zakirov və başqaları yer alıb.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy tanınmış ustadlarla yaradıcılığa yeni başlayan gənclərin eyni zamanda mükafatlandırılmasının simvolik məna daşıdığını bildirib: “Bu cəhət hər iki mükafatın əsas məqsədini xüsusi olaraq vurğulayır: mədəniyyətlərarası qarşılıqlı təsiri və nəsillərarası varisliyi”.

Onlayn mərasimdə Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərlik etdiyi MDB gənclərindən ibarət simfonik orkestr laureatlar üçün konsert təqdim edib.

Mükafatlandırma mərasiminin videolinki 7 dekabr tarixindən DHƏF-nin saytında yerləşdirilib:

http://www.mfgs-sng.org/activity/2857.html