Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Xristian irsimizi tanıyaq” adlı layihə üzrə təqdimatlar davam edir.

Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar hazırlanaraq nazirliyin rəsmi saytı, sosial şəbəkə səhifələrində, eləcə də müxtəlif internet resurslarda yayımlanır.

Növbəti qısa videoçarx Şəki şəhərindəki Dairəvi məbəd haqqındadır. V-VI əsrlərə aid Alban məbədi Azərbaycanda ilkin xristianlıq dövrünün tikilisi, ölkə əhəmiyyətli memarlıq abidəsidir. Tarixi tikilidə hazırda Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.

Azərbaycanda xristianlıq hələ İsa Məsihin həvariləri dövründə - eramızın I-II əsrlərində yayılmağa başlayıb. Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayır, qurub-yaradırlar. Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir və onların abidələri, ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən mühafizə olunur.

Şəki şəhərindəki Dairəvi məbəd haqqında videoçarxı aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=AE6nNW3E57