Media təmsilçiləri Cəbrayıl rayonunda erməni vandalizminin simasını bir daha görüblər

Azərbaycan Ordusunun işğaldan azad etdiyi Cəbrayıl rayonuna dekabrın 9-da mediatur təşkil olunub. Media təmsilçiləri, uzun illər işğal altında qalan digər bölgələrimiz kimi, burada da erməni vandalizmi nəticələrinin şahidi olublar.

Ermənistan hərbçilərinin tərk etdikləri müdafiə istehkamları, düşmən ordusuna məxsus hərbi texnikalar Azərbaycan Ordusunun düşmənə necə sarsıdıcı zərbələr vurduğunu göstərir. Jurnalistlərin yolu Quycaq, Karxulu, Mahmudlu, Məzrə, Şıxəli Ağalı, Sarıcalı, Əmirvarlı, Soltanlı və digər kəndlərdən keçib. Bir vaxtlar gözəl və abad olan kəndlərdən əsər-əlamət qalmayıb. Düşmən evləri, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları talan edib, tarixi abidələri, qəbiristanlıqları dağıdıb.

Mediaturun növbəti dayanacağı  rəşadətli Azərbaycan Ordusunun oktyabrın 18-də işğaldan azad etdiyi dünya əhəmiyyətli tarix-memarlıq abidəsi – Xudafərin körpüsü olub. Araz çayının şimal və cənub sahillərini birləşdirən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən məşhur körpülərindən hesab olunur. 27 il işğal altında qalmış Xudafərin körpüsünün üzərində bu gün Azərbaycan bayrağı dalğalanır.

Daha sonra heyət Cəbrayıl şəhərinə yola düşüb. Erməni hərbçiləri şəhəri tamamilə dağıdıblar. Şəhərin girişində erməni vandalları tərəfindən dağıdılmış qəbiristanlıq diqqəti çəkir. Qədim kəhrizlər də erməni vandalizminə məruz qalıb. Məşhur “Dostluq” bulağının isə gözü hələ qurumayıb.

Cəbrayıl sakinləri şəhərin mərkəzində yaşı 800 ildən çox olan Şərq çinarını xoş xatirələrlə yada salırlar. Həmin çinar ağacının dibində suyu bumbuz olan qədim kəhriz də var idi. İndi nə çinar ağacından, nə də kəhrizdən əsər-əlamət qalıb.

Qeyd edək ki, Cəbrayıl rayonunun Hacılı, Karxulu, Quycaq, Fuğanlı, Horovlu və digər kəndlərində də yaşı yüzillərlə ölçülən çinar ağacları vardı. Şəhər və kəndlərimizi, tarixi abidələrimizi dağıdan erməni vandalları bu təbiət abidələrini də məhv ediblər.

Erməni vandallarının Cəbrayıl rayonunda törətdiyi vəhşiliklər nə qədər kədər doğursa da, bu yerlərin sakinləri, bütün xalqımız nikbindir. İşğaldan azad olunmuş bütün şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl bərpa ediləcək, yenidən qurulacaq. Prezident İlham Əliyev noyabrın 16-da Cəbrayıla səfəri zamanı bu barədə deyib: “Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək”.