Azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə birlikdə işğaldan azad olunmuş Füzuliyə səfərimiz zamanı orada gördüyüm mənzərədən, ərazidə törədilən vandalizmdən dərin təəssüf hissi keçirdim.

Bu sözləri İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşeh dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşdə deyib.

Görüş zamanı Azərbaycanın tarixi zəfəri barədə də danışan Mübariz Qurbanlı vurğulayıb ki, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan torpaqlarımızdakı dini abidələrimiz də talan və məhv edilib. Diqqətə çatdırılıb ki, tarixi, mədəni və dini irsə daim həssas münasibət göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq bu abidələrin bərpası üzrə layihəyə başlayıb.

Səfir İordaniyanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb. Bildirib ki, hərbi əməliyyatlar zamanı tarixi-mədəni abidələrin, qəbiristanlıqların dağıdılması yolverilməz haldır.

Görüşün sonunda qonağa ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi ilə bağlı Dövlət Komitəsinin ingilis və ərəb dillərində nəşr etdirdiyi kitablar təqdim olunub.