Vətən müharibəsinin qalibiyyətlə başa çatmasından bir ay keçir. Dekabrın 10-da paytaxtımızda keçirilən Qələbə paradı bu tarixi zəfərin möhtəşəm görüntüsü oldu.

Zəfər paradı ərəfəsində unudulmaz şəhid oğullarımızın xatirəsi hörmətlə yad edilir, onların ailələrinə baş çəkilir, qazilərimiz ziyarət olunur.

Prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamlarla Silahlı Qüvvələrin hərbi qulluqçularının “Vətən Müharibəsi Qəhrəmanı”, “Zəfər” və “Qarabağ” ordenləri, üç hərbçimizin isə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adları ilə təltif olunması Vətənimizin qəhrəman övladlarının fədakarlığının və rəşadətinin ən yüksək səviyyədə qiymətləndirilməsidir. “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən qəhrəman Vətən övladlarından biri də Tovuz döyüşləri zamanı şəhid olmuş general-mayor Polad Həşimovdur.

Polad Həşimovun “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi ilə əlaqədar, Əməkdar incəsənət xadimi, Vətən müharibəsinin iştirakçısı Abdulla Qurbani Sumqayıt şəhərinə gedərək şəhid general-mayorun anası Səmayə xanım ilə görüşüb. Söhbət zamanı qeyd olunub ki, Vətən müharibəsinə gedən yol Polad Həşimov kimi oğulların şəhidliyindən keçirdi. Qəhrəman döyüşçülərimiz kəndləri, şəhərləri, qəsəbələri bir-birinin ardınca azad etdikcə, düşmənləri məhv etdikcə, şəhidlərimizin intiqamını aldıqca qələbəyə daha da yaxınlaşırdılar.

Hətta döyüşçülər idarə etdikləri tank və digər zirehli texnikaların üzərinə Həzi Aslanov, Mübariz İbrahimov, Albert Aqarunov adları ilə yanaşı, general Polad Həşimovun da adını yazırdılar. Torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunması qəhrəmanlıq simvoluna çevrilmiş general Polad Həşimovun arzusu idi.

Şəhid generalın anası oğlunun xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, qədirbilən xalqımıza minnətdarlığını bildirib.

Şəhidin anasına Ali Baş Komandan İlham Əliyevin general Polad Həşimovla birlikdə portreti, eləcə də şəhid generalın özünün fotoportreti əks olunan xalçalar hədiyyə edilib.