Vətən müharibəsində canından keçmiş igidlərin sırasında hərbi həkim Turqut Xəlilbəyli də var.
Turqut Nadir oğlu Xəlilbəyli 1993-cü il iyulun 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində dünyaya göz açmışdı. “Dədə Qorqud” Türk liseyini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olaraq hərbi həkim ixtisasına yiyələnir. Uşaqlıqdan hərbçi peşəsinə marağı vardı.
Atası Nadir Xəlilbəyli: “Universiteti bitirdikdən sonra Beyləqana təyinat verdilər. Elə orada da hərbçi kimi fəaliyyətə başladı və üç il işlədi. Müharibə başlayan zaman Turqut arxa cəbhədə hospitalda işləməli idi, ancaq öz xahişi ilə ön cəbhəyə yollanmışdı. Sonuncu dəfə onun yanına getmişdim. Görüşmüşdük, hər şeyin qaydasında olduğunu bildirdi. Sağollaşanda qulağıma pıçıldadı ki, harada olduğumu anama demə, nigaran qalmasın...”.
Şəhid anası Almaz Hüseynova: “Mənim xəbərim yox idi ki, Turqut müharibədədir. Nə vaxt telefonla danışsam, deyirdi hər şey yaxşıdır.Ön cəbhədə olduğunu bildiyimdə mənə söylədi ki, yoldaşları orada yaralanarsa, mütləq onlara kömək olmalıdır. Hər gün telefonla danışırdıq. Şəhid olan günün səhəri danışmışdıq...”.
Turqut Xəlilbəyli hərbçi yoldaşlarından birini xilas edən zaman şəhid olub. Bu barədə şəhidin anasına onun döyüş yoldaşları deyiblər: “Bir gün hərbçi yoldaşları ilə Cəbrayılda mərmi atəşinə düşüblər. Turqut çətin şəraitdə yenə yaralılara yardım edirmiş. Üç yaralını atəş altından çıxarır, özü də yaralanır. Növbəti mərmi atəşi zamanı özünü digər yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın, özü isə şəhid olub”.
Qeyd edək ki, Vətən müharibəsində öz peşə borcunu yetirən zaman ümumilikdə 10 nəfər hərbi həkim qəhrəmancasına həlak olub. Azərbaycan Tibb Universiteti onların adlarını açıqlayıb: tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev, tibb xidməti kapitanı Anar Məmmədov, həkim baş leytenantlar Nurlan Fərəməzov, Şöhrət Qasımov, tibb xidməti leytenantları Azər Şəmilov, Turqut Xəlilbəyli, Adil Əfəndiyev, Mirlətif Ağayev, Tariyel Salmanov, tibb xidməti giziri Eldar Abdullayev.
Allah rəhmət eləsin.