Azərbaycan
12 dekabr 1926 – Əməkdar mədəniyyət işçisi Aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov; 1926 – 26.8.1978) Salyan rayonunda doğulub. Salyan Dram Teatrında çalışıb. “Kür” aşıqlar ansamblını yaradıb.
12 dekabr 1927 – Əməkdar mədəniyyət işçisi Alp Məcid oğlu Ağamirov (1927-2000) anadan olub. Azərbaycan Televiziyasında baş redaktor işləyib.
12 dekabr 1931 – Tanınmış aktyor Tələt Əliağa oğlu Rəhmanov (1931 – 13.12.1995) Bakıda anadan olub. “Arşın mal alan” (1965), “Qayınana”, “Kişi sözü” və s. filmlərdə çəkilib.
12 dekabr 1937 – Şair, tərcüməçi Əhəd Muxtar (Əhədulla Muxtar oğlu Qənbərov; 1937 – 23.5.1998) Astara rayonunun Kakalos kəndində anadan olub. Rus, özbək, qazax, türkmən şair və yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirib.
12 dekabr 1939 – Əməkdar incəsənət xadimi, kinorejissor Fikrət Balağa oğlu Əliyev (1939-2016) Bakıda anadan olub. “Baladadaşın ilk məhəbbəti”, “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” filmlərinə quruluş verib.
12 dekabr 2002 – Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 12.3.1933 – 2002) vəfat edib. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri” və s.) bəstələnib.
12 dekabr 2007 – Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (22.11.1922 – 2007) vəfat edib. Əsərləri: “General”, “Burulğanlar”, “Ləpədöyəndə” və s.
13 dekabr 1929 – Şərqşünas alim, professor Saleh Əliyev (1929 – 21.11.2006) Gəncədə anadan olub. Rusiya EA-nın Şərqşünaslıq İnstitutunda çalışıb. Cənubi Azərbaycan tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada “Ocaq” Mədəniyyət Cəmiyyətinin rəhbəri olub.
13 dekabr 1937 – Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov (1937-2018) Bakıda doğulub. Azərbaycan Memarlar İttifaqının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.
14 dekabr 1915 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Məcid oğlu Behbudov (1915 – 9.6.1989) Tiflisdə anadan olub. Əslən şuşalıdır. “Arşın mal alan” (1945), “Bəxtiyar” (1955) filmlərində baş rollara çəkilib, operada (Balaş – “Sevil”) çıxış edib. Azərbaycan musiqisinin dünyada təbliğinə töhfələr verib. Bakıda Mahnı Teatrını yaradıb.
14 dekabr 1927 – Kristalloqrafiya sahəsində məşhur alim, Azərbaycan EA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədov (1927 – 15.10.1988) Ağdamın Mərzili kəndində anadan olub. Ədəbiyyatşünaslıq, sənətşünaslıqla bağlı yazıların, “Naxışların yaddaşı”, “Qoşa qanad” və s. kitabların müəllifidir.
14 dekabr 1929 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929-1991) Tiflisdə doğulub. “Nizami və gürcü ədəbiyyatı” mövzusunda tədqiqatları var, gürcü ədəbiyyatından tərcümələr edib. Ali Sovetin deputatı olub.
14 dekabr 1938 – Əməkdar incəsənət xadimi, rejissor Nazim Hüseynqulu oğlu Abbasov (1938-2000) anadan olub. Bədii (“Dvorjakın melodiyası”), sənədli və televiziya filmlərinin rejissoru olub.
14 dekabr 2011 – Tanınmış xanəndə, Xalq artisti Qədir Çərkəz oğlu Rüstəmov (20.11.1935 – 2011) vəfat edib. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub.
15 dekabr 1905 – Əməkdar incəsənət xadimi, rəssam Reyhan İbrahim qızı Topçubaşova (1905 – 5.3.1970) Qubada anadan olub. Portret (“M.Ə.Sabir”), mənzərə (“Mərdəkanın görünüşü”) janrlarında, məişət mövzusunda (“Köhnə bazar”, “Toy”) əsərlər, natürmortlar çəkib.
15 dekabr 1909 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə (1909 – 13.10.1974) Bakının Əmircan kəndində doğulub. Əsərləri: “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Babəkin üsyanı”, “Fətəli xan” və s. Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır.
15 dekabr 1910 – Tarixçi alim, akademik İsmayıl Abbas oğlu Hüseynov (1910 – 8.11.1969) anadan olub. AMEA Tarix İnstitutunun direktoru işləyib.
15 dekabr 1912 – Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı İsmayıl qızı Rzayeva (1912 – 4.7.1975) anadan olub. Mahnı (o cümlədən uşaqlar üçün “Kukla”, “Şən yolka” və s.) və romansların, simli kvartet üçün əsərlərin müəllifidir.
15 dekabr 1913 – Tarix elmləri doktoru, ictimai xadim Kamran Əsəd oğlu Hüseynov (1913 – 20.4.2006) Qubadlı rayonunun Çərəli kəndində doğulub. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub.
15 dekabr 1922 – Əməkdar incəsənət xadimi, rejissor Ulduz Saleh qızı Rəfili-Əliyeva (1922-2006) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Gənc Tamaşaçılar Teatrında çalışıb. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
15 dekabr 1924 – Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə, 1924 – 14.9.1992) Ağstafa rayonunun Yenigün kəndində doğulub. “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri olub.
15 dekabr 1939 – Əməkdar artist, vokal ifaçısı Rumiyə Həmid qızı Kərimova (1939 – 5.12.2020) Bakıda doğulub. Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru olub.
15 dekabr 1999 – Əməkdar mədəniyyət işçisi, aşıq İmran Mehralı oğlu Həsənov (1928-1999) vəfat edib.
Dünya
12 dekabr 1821 – Fransız yazıçısı Qustav Flober (Gustave Flaubert; 1821 – 8.5.1880) anadan olub. “Madam Bovari”, “Salambo”, “Hisslərin tərbiyəsi” və s. romanların müəllifidir.
12 dekabr 1863 – Norveç rəssamı Edvard Munk (Edvard Munch; 1863-1944) anadan olub.
12 dekabr 1915 – Dünya şöhrətli Amerika müğənnisi, aktyor Frenk Sinatra (Francis Albert Sinatra; 1915 – 14.5.1998) anadan olub.
12 dekabr 1925 – Tanınmış rus bəstəkarı Vladimir Şainski (1925-2017) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin tələbəsi olub. Uşaqlar üçün populyar mahnıların, cizgi filmlərinə musiqilərin müəllifidir.
12 dekabr 1928 – Böyük qırğız yazıçısı Çingiz Aytmatov (1928 – 10.6.2008) anadan olub. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Üz-üzə”, “Torpaq ana”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.
13 dekabr 1720 – İtalyan dramaturqu, nağıl-pyeslərin müəllifi Karlo Qotsi (Carlo Gozzi; 1720- 1806) anadan olub.
13 dekabr 1797 – Yəhudi əsilli məşhur alman şairi, yazıçı, ədəbiyyatşünas Henrix Heyne (Christian Johann Heinrich Heine; 1797 – 17.2.1856) anadan olub. Əsərləri: “Nəğmələr kitabı” (poeziya), ”Hars dağına səyahət” (nəsr) və s. Məşhur bəstəkarlar (F.Şubert, R.Şuman, P.Çaykovski) Heynenin şeirlərinə musiqi yazıb.
14 dekabr 1895 – Fransız şairi, poeziyada dadaizm və sürrealizmin banilərindən biri Pol Eluyar (Paul Eluard – Eugene Emile Paul Grindel; 1895 – 18.11.1952) anadan olub.
14 dekabr 1898 – Rus kinorejissoru Yefim Lvoviç Dziqan (1898 – 31.12.1981) anadan olub. “Fətəli xan” (1947) Azərbaycan filminin rejissorudur.
14 dekabr 1924 – Dünya şöhrətli hind aktyoru, rejissor, prodüser Rac Kapur (Raj Kapoor; 1924 – 2.6.1988) anadan olub. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.
15 dekabr 1798 – İtalyan şairi Antonio Qvandanoli (Antonio Guadagnoli; 1798- 1858) anadan olub.
15 dekabr 1859 – Esperanto beynəlxalq dilinin yaradıcısı, yəhudi əsilli Polşa linqvisti Lüdoviq Lazar Zamenhof (Ludwik Lejzer Zamenhof; 1859-1917) anadan olub.
Hazırladı: Vüqar ORXAN