“Gilavar” Azərbaycan Foto Klubunun təşkilati dəstəyi ilə keçirilən “Baku 2020” adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub. Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının himayəsi altında keçirilən müsabiqəyə 64 ölkədən 342 fotoqraf tərəfindən 5140 foto təqdim edilib.

Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan və Misirdən olan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu, indiyədək keçirdikləri sayca altıncı beynəlxalq fotomüsabiqədir. O, bildirib ki, dörd nominasiya üzrə təqdim olunan 161 mükafata 39 ölkənin 121 fotoqrafı layiq görülüb. Müsabiqənin qaliblərinə qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, fotolardan ibarət elektron kataloq hazırlanacaq.

Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov bürünc medal və fəxri lent, Roman İsmayılov gümüş medal, Nurlan Tahirli iki fəxri lent, Aleksandr Firstov xüsusi lent, Valeri Xlızov, Rüstəm Məhərrəmov, Zaur Mustafayev və Kelvin Qasımov isə diplomla təltif olunub. Fotoqraflarımız toplam 10 mükafat qazanıblar.