Rejissor Şamil Əliyevin 2012-ci ildə çəkdiyi “Çölçü” bədii filmi internet üzərindən gerçəkləşən daha iki festivalda mükafatlara layiq görülüb. Ekran əsəri Braziliyanın “Gralha Internatıonal Monthy Fılm Awards 2020” beynəlxalq festivalında “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı rəssam işi”, “Ən yaxşı geyim rəssamı” kateqoriyaları üzrə mükafat qazanıb.
Bundan əlavə, “Çölçü” filmi Hindistanda keçirilən “7th Art Independent International Film Festivalı”nda da “Ən yaxşı rejissor işi” mükafatına layiq görülüb. Növbəti müsabiqənin nəticəsi COVİD-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə elan olunub.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Çölçü” ötən səkkiz ildə müxtəlif miqyaslı və formatlı 70-dən çox festivalda iştirak edərək 40-dan artıq mükafata layiq görülüb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.