Hər il yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun növbəti il üçün yeri yenə dəyişdirilib. Bundan əvvəl Davos forumunun may ayına ertələndiyi xəbər verilmişdi. İndi isə bildirilir ki, Dünya İqtisadi Forumu koronavirus pandemiyası səbəbindən 2021-ci il mayın 13-dən 16-dək Sinqapurda keçiriləcək.

Təşkilatın yaydığı məlumata görə, gələn il forum virtual və ənənəvi hissələrdən ibarət olmalı idi. 2021-ci il yanvarın 25-29-da dünya iqtisadiyyatının pandemiyadan sonrakı vəziyyətinə dair müzakirələr aparılmalı, may ayında isə Davosda iri şirkətlərin menecerləri, siyasətçi və elm xadimləri İsveçrənin Lüsern şəhərində bir araya gəlməli idilər.

Lakin İsveçrədəki yoluxma hallarının yüksək olması təşkilat komitəsini radikal kurs dəyişikliyinə vadar edib və qlobal iqtisadi elitanın bir araya gəlməsi üçün pandemiyadan mümkün qədər az əziyyət çəkmiş məkan axtarılıb. Sinqapurun seçilməsi həm də Avropa və ABŞ-la müqayisədə pandemiyanın öhdəsindən daha yaxşı gələn Asiya qitəsinə etimadın göstəricisidir.

Forumun təsisçisi Karl Şvab isə bildirib ki, forum iştirakçılarının bir araya gəlməsi pandemiyadan sonra dünya iqtisadiyyatının yenidən necə dirçəldiləcəyini müzakirə etmək üçün xüsusi əhəmiyyət daşıyır.