Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin nəslindən olan Ülvi Rəfail oğlu Rəfiyev zəhmətkeş bir ailənin ilk övladı idi. Orta məktəbi bitirdikdən sonra Neft və Kimya Universitetinə (indiki ADNSU) qəbul olunmuşdu. Yaxşı oxumaqla bərabər, universitetin “Gənclik” mahnı və rəqs ansamblının fəal üzvü idi, festivallarda, Türkiyənin “Yetənək sizsiniz” televiziya yarışmasında uğurla çıxış etmişdi.
Tələbə həyatından sonra hərbi xidmətə çağırıldı. Orduda da nümunəvi xidmət etdi. Hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətinə başladı. Ailə qurmaq barədə düşünürdü. Deyərdi ki, toyumda “Zeybək” rəqsini oynayacağam. Vətən müharibəsi başlayanda artıq dörd ay idi ki nişanlanmışdı...
İyul ayında Tovuz istiqamətində baş verən hadisələrdən sonra o da minlərlə gənc kimi Dövlət Səfərbərlik Xidmətinin bölməsinə gedərək orduya könüllü yazılmışdı. 27 sentyabrda müharibə başlayandan bir neçə gün sonra çağırış vərəqəsi aldı. Kiçik qardaşının hərbi xidmətdə olmasına baxmayaraq, elə həmin gün cəbhəyə yollandı. Cəbrayıl, Füzuli döyüşlərində vuruşdu.
25 oktyabrda düşmənin top və mərmi atəşi altına düşərək ağır yaralanır. Döyüş dostları atasına zəng vurub, Ülvinin Beyləqan xəstəxanasına aparıldığını xəbər verirlər.
Ailəsi yola çıxır. Yolda onlara gül mağazasından zəng gəlir. Bir gün öncə Ülvi mağazaya zəng edərək gül buketi sifariş edibmiş. İndi də çatdırmaq üçün ünvanı dəqiqləşdirirmişlər. O, hər ay gül buketi ilə nişanlısını təbrik edərdi. Bu, nişan günlərinin dördüncü ayı münasibətilə hədiyyəsi idi. Ailəsi xəstəxanaya çatanda Ülvi artıq dünyasını dəyişmişdi...