Rusiyanın Xalq artisti, məşhur teatr və kino aktyoru Valentin Qaft dekabrın 12-də, 85 yaşında vəfat edib.

1935-ci il sentyabrın 2-də Moskvada yəhudi ailəsində (atası İosif Qaft hərbi hüquqşünas, anası Gita Qaft evdar qadın olub) doğulan Valentin Qaft 1957-ci ildə MXAT (Moskva Bədaye Teatrı) məktəb-studiyasını bitirib. Moskvada müxtəlif teatrlarda çalışıb, 1969-cu ildən “Sovremennik” teatrının aktyoru olub. Həmçinin teatrda bir neçə tamaşaya quruluş verib.

Kinoda debütü hələ tələbə ikən 1956-cı ildə “Dante küçəsində qətl” filmində epizodik rol ilə edən aktyor ümumilikdə 100-dək ekran əsərində müxtəlif səpkili rollar oynayıb. Valentin Qaft “Qaraj”, “Salam, mən sizin xalanızam”, “Fleyta üçün unudulmuş melodiya”, “Master və Marqarita” kimi filmlərdəki rolları ilə geniş tamaşaçı rəğbəti qazanıb. Filmlərin səsləndirilməsi və dublyajında iştirak edib.

Azərbaycan paytaxtına da səfərlər edən aktyor müsahibələrinin birində deyib ki, Bakı onun yadında dünyanın ən gözəl şəhərlərindən biri kimi qalıb: “Bu şəhər mənə o qədər yaxındır ki, onu öz şəhərim sayıram”.

Aktyor ümummilli lider Heydər Əliyev ilə görüşünü belə xatırlayıb: “Heydər Əliyevin teatr sənətinə yaxından bələd olması, dramaturgiyaya münasibəti məni heyran etdi. Elə təəssürat yaranırdı ki, mən peşəkar sənətşünas, teatr xadimi ilə söhbət edirəm. Mənə Heydər Əliyev barədə Rusiyada və xaricdə çəkilmiş bir neçə filmi səsləndirmək nəsib olub. O, mənim xatirəmdə müstəsna dərəcədə istedadlı, dərin zəkalı və gözəl insan kimi qalıb”.

Qeyd edək ki, Valentin Qaft ədəbi yaradıcılıqla da məşğul olub, şeirlər, o cümlədən bəziləri həmkarlarına ünvanlanan kiçik zarafatyana epiqramlar (həcv) yazıb. Bir neçə kitabı nəşr olunub.

SƏBİNƏ