Azərbaycan

 

16 dekabr 1898 – Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqov (1898 – 1.3.1981) Bakıda anadan olub. “Molla Nəsrəddin” jurnalında karikaturaçı kimi çalışıb. “Sehrli xalat”, “İstintaq davam edir” filmlərində geyim rəssamı olub. “Nizaminin portreti”, “Firdovsinin dəfni” və s. əsərlərin müəllifidir. 

16 dekabr 1909 – Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Cahangir Rəcəb oğlu Gözəlov (1909 – 7.9.1999) Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub.

16 dekabr 1922 – Ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi İmran Sultan oğlu Seyidov (1922 – 10.5.2001) Qubada doğulub. “Koroğlu” dastanını rus dilinə tərcümə edib. Azərbaycan EA-nın İctimai elmlər bölməsində elmi katib olub.

16 dekabr 1927 – Tarixçi alim, akademik Cəmil Bahadur oğlu Quliyev (1927 – 27.12.2010) Ağdamda doğulub. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Elmlər Akademiyasının vitse-prezidenti olub.

16 dekabr 1932 – Ədəbiyyatşünas, professor Xalid Əlimirzə oğlu Əlimirzəyev (1932 – 30.1.2016) Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.

16 dekabr 1934 – Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Qulam oğlu Bayram (1934 – 18.4.1991) Bakının Əmircan kəndində anadan olub. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” və s. Rus dilindən bədii tərcümələrin müəllifidir.

16 dekabr 1979 – Məşhur cazmen, bəstəkar, Əməkdar artist Vaqif Əziz oğlu Mustafazadə (16.3.1940 – 1979) vəfat edib. Caz-muğamın yaradıcısıdır. Beynəlxalq müsabiqə və festivalların qalibi və laureatı olub.

16 dekabr 2011 – Opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (23.9.1928 – 2011) vəfat edib. 1951-1988-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub.

 

17 dekabr 1905 – Xalq şairi Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov; 1905 – 3.7.1990) Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndində anadan olub. Şairin “Gətir, oğlum, gətir!” poeması XX əsr Azərbaycan poeziyasının ən gözəl nümunələrindəndir. Sözlərinə mahnılar yazılıb.

17 dekabr 1924 – Filologiya elmləri doktoru, mətbuat xadimi, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməmməd oğlu Hüseynov (1924 – 24.6.2019) Şəkidə doğulub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var.

17 dekabr 1987 – Tanınmış rəngkar Fərhad İbrahim oğlu Hacıyev (29.8.1929 – 1987) vəfat edib. Azərbaycanda bərpa rəssamlığının əsasını qoyub.

17 dekabr 1993 – Xalq yazıçısı, dramaturq, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911 – 1993) vəfat edib. “Gələcək gün”, “Böyük dayaq” romanları, “Həyat”, “Kəndçi qızı” pyesləri və s. əsərlərin müəllifidir.

 

18 dekabr 1928 – Tanınmış xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 – 11.6.1987) Salyan rayonunda doğulub. Muğam və xalq mahnılarının bənzərsiz ifaçısı olub, opera tamaşalarında Məcnun (Ü.Hacıbəyli – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”) və s. rollarda çıxış edib.

18 dekabr 1930 – Tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı (1930 – 16.1.2014) Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. “Azərbaycan tarixi üzrə qaynaqlar”, “Azərbaycan türklərinin etnogenezi” və s. əsərlərin müəllifidir.

18 dekabr 1934 – Şair, dramaturq, publisist Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov; 1934-2018) anadan olub.

18 dekabr 1957 – Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əyyub Cəbrayıl oğlu Abbasov (1905-1957) vəfat edib. Zəngəzur qəzasının Şəki kəndində doğulub. “Zəngəzur” romanı, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.

 

Dünya

 

16 dekabr 1770 – Alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven; 1770 – 26.3.1827) anadan olub.

16 dekabr 1775 – İngilis realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen; 1775-1817) anadan olub.

16 dekabr 1866 – Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən Vasili Kandinski (1866 - 1944) anadan olub.

 

17 dekabr 1830 – Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt; 1830 – 20.6.1870) anadan olub. Yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı onların şərəfinə təsis edilib.

17 dekabr 1893 – Alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piksator (Erwin Piscator; 1893-1966) anadan olub.

 

18 dekabr 1921 – SSRİ Xalq artisti, aktyor, sirk ustası Yuri Vladimiroviç Nikulin (1921 – 21.8.1997) anadan olub. Çəkildiyi filmlər: “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva Sirkinə rəhbərlik edib.

Hazırladı:  Vüqar ORXAN