Şəhərdə qiymətləndirmə və inventarlaşdırma işləri başlanıb
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.
Bu məqsədlə Azərbaycanın mədəniyyət beşiyi və Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.
Ümummilli lider Heydər Əliyev bildirmişdi ki, Şuşa Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidə, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən vahid muzeydir.
İşçi qrupunun qarşısında duran əhəmiyyətli vəzifələrdən biri də Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrinin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin hazırlanmasıdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq.
Qeyd edək ki, müvafiq qurumlar artıq infrastruktur layihələrinin icrasına başlayıb. Azərsu” ASC-dən verilən məlumata görə, Kiçik Kirs mənbəyindən sonra Zarıslı mənbəyindən suyun verilməsi ilə Şuşa şəhərinin alternativ və dayanıqlı içməli su təchizatı təmin edilib. Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə Şuşa şəhərindən 11 km məsafədə yerləşən Zarıslı mənbəyi və Laçın-Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam təftiş edilib, kəmərin qəzalı hissələri müəyyənləşdirilib.
“Azərsu” ASC-nin Bakıdan və Cəbrayıl sukanal sahəsindən ezam olunmuş mühəndis-texniki heyəti tərəfindən qısa müddətdə qəzalar aradan qaldırılıb, kəmərin sıradan çıxmış hissələri dəyişdirilib. Kəmərlə nəql olunan içməli suyun mərkəzi anbara və buradan da şəhər şəbəkəsinə ötürülməsi təmin edilib.
Qeyd edək ki, Şuşa işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdı. Düşmən şəhəri tərk edərkən magistral su kəmərini sıradan çıxarmışdı. Yaranmış problemin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilib və Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltıda sudoldurucu məntəqə yaradılıb. Sonra Kiçik Kirs mənbəyində və uzunluğu 9,4 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələrində bərpa işləri aparılaraq 25 noyabr tarixində Şuşa şəhərinə suyun verilməsi təmin olunub.
Şuşa şəhəri ən qısa vaxtda elektrik enerjisi ilə təmin ediləcək. “Azərişıq” ASC-dən verilən məlumata görə, bunun üçün artıq mal-material göndərilib, yeni xəttin çəkilişi ilə bağlı işlər görülür.
“Dağ və meşəlik, həmçinin çətin relyefli ərazilər olmasına baxmayaraq qurumun əməkdaşları qarlı və şaxtalı havada işlərini fədakarlıqla görür. Başqa bir təhlükə isə iş gedən ərazilərdə ermənilərin basdırdığı minalardır. Bu təhlükəni aradan qaldırmaq üçün ərazidə öncə minaaxtaranlar işləyir. Müəyyən olunmuş layihə üzrə ərazilər minalardan təmizlənir, daha sonra isə xətlərin çəkilişi həyata keçirilir. Mümkün olan ən qısa vaxtda “Şükürbəyli” yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunacaq”, - ASC-dən bildirilib.
Bu arada Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sahibkarları azad olunmuş torpaqlarda hotellərin tikintisinə investisiya qoymağa çağırıb. F.Nağıyev bu barədə dekabrın 17-də keçirilən Azərbaycan Hotel Assosiasiyasının 3-cü assambleyasında çıxış edərkən bildirib.
Onlayn iclasda pandemiya və postpandemiya dövründə turizmin bərpası üzrə çətinliklərlə bağlı sənaye nümayəndələri ilə müzakirələr aparılıb. Dövlət Turizm Agentliyinin sədri dünya turizminin bütün sahələri kimi hotelçilik sahəsinin də pandemiyadan xeyli zərər gördüyünü qeyd edib. O, sənaye üçün daha əlverişli mühitin yaradılması məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən müvafiq dəstək mexanizmlərinin hazırlandığı barəsində məlumat verib.
Agentlik sədri, həmçinin Qarabağ üzrə regional turizm inkişaf strategiyasının hazırlandığını bildirib. Sahibkarları Qarabağın turizm potensialına və hotellərin tikintisinə investisiya yatırmağa çağıran F.Nağıyev tezliklə Qarabağda yeni hotellərin açılacağına və oraya üz tutan turistlərə ən yüksək keyfiyyətli xidmətlərin göstəriləcəyinə inamını ifadə edib.