Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Eldəniz oğlu Məmmədov Vətən müharibəsində şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Əliağa Məmmədov "Vətən uğrunda" medalı ilə (ölümündən sonra) təltif edilib.
Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev şəhid Əliağa Məmmədov haqqında böyük fəxr hissi ilə danışaraq hər zaman onun kimi vətən oğulları ilə qürur duyduğunu bildirib: "Əliağa Məmmədov teatrımızın işıq operatoru işləyirdi. Qısa müddətdə davranış mədəniyyəti, nizam-intizamı ilə kollektivin hörmətini qazanmışdı. Əliağanın acı xəbəri bizi çox sarsıtsa da, hər birimiz onunla qürur duyuruq. Çünki şəhidlik elə bir zirvədir ki, hər insana qismət olmur. O, şiddətli döyüşlərin birində komandirinin həyatını xilas edərkən şəhid olub. Onun qısa, lakin mənalı ömrü sözün əsl mənasında qəhrəmanlıq dastanıdır”.
Direktor deyib ki, teatrın kollektivinin şəhidin xatirəsinə ithaf olaraq hazırladığı kompozisiya yaxın günlərdə sosial şəbəkə izləyicilərinə təqdim ediləcək: “Biz qəhrəmanımızı heç vaxt unutmayacağıq, gələcək layihələrimizdə də onun əziz xatirəsini dərin hörmətlə yad edəcəyik. Nur üzlü şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik".
Qeyd edək ki, Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunda anadan olub. Milli Qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra özünü idman sahəsində sınamaq istəyib. Cüdo üzrə müxtəlif yarışlarda medallar və sertifikatlar qazanıb.
Peşə təhsili alandan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıq operatoru kimi fəaliyyətə başlayıb. Hərbi xidmətə də çalışdığı teatrdan yola düşüb. Teatrın qaranlıq səhnəsini işıqlandıran gənc vətən qarşısında müqəddəs borcunu da layiqincə yerinə yetirib.
Oktyabrın 6-da ağır döyüşlərin birində düşmənin hücumu zamanı Əliağa tabor komandirinin həyatını öz canı bahasına xilas edir və şəhidlik zirvəsinə ucalır.
Allah rəhmət etsin.