Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə azərbaycanlı politoloq Teymur Atayevin “Əmir Teymur fenomeni” kitabının onlayn təqdimatı keçirilib.
Təqdimatı AMM direktorunun müavini Polad Zeynalov açaraq Azərbaycanın Vətən müharibəsi haqqında məlumat verib, Silahlı Qüvvələrimizin qələbəsi haqqında danışıb, kitabın əhəmiyyətindən bəhs edib.
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov bildirib ki, zaman-zaman Azərbaycanda Əmir Teymurun şəxsiyyəti, sərkərdə kimi fəaliyyəti haqqında əsərlər yazılıb. “Əmir Teymur fenomeni” kitabı da onların arasında öz layiqli yerini tutub.
Tarixçi alim Şuxrat Barlas kitab haqqında fikirlərini bölüşərək deyib ki, böyük Azərbaycan şairi Hüseyn Cavidin “Topal Teymur” dramı Əmir Teymur haqqında yazılan ən qiymətli əsərlərdən biridir. Alim vurğulayıb ki, indiyədək dünyada Əmir Teymur şəxsiyyəti haqqında 600-dən artıq əsər yazılıb. Onların arasında azərbaycanlı yazıçı Yunus Oğuzun “Əmir Teymur dünyanın hakimi” və “Əmir Teymur zirvəyə doğru” kitabları da var.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Aydın Əlizadə Əmir Teymuru böyük strateq və sərkərdə kimi xarakterizə edib.
Professorlar Nigina Şermuxammedova, Gülbaxor Aşurova, Şoxistaxon Ulyajeva, dosent Gülnaz Səttarova, Ukraynadakı “Hamı üçün İslam” portalının baş redaktoru Tatyana Yastremskaya və başqaları kitabın məziyyətləri haqqında söhbət açıblar.
Məruzəçilər Azərbaycan xalqını Vətən müharibəsində qələbə çalması münasibətilə təbrik ediblər.
Kitaba ön sözü tarixçi alim, AMEA Tarix İnstitutunun fəxri doktoru Şuxrat Barlas yazıb. Nəşrin sponsoru Daşkənddə yaşayan iş adamı, soydaşımız Nazim Musayevdir.