Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq dastanı yazan igidlərimizdən biri də şəhid tağım komandiri Elçin Tağıyevdir.

Elçin Ağaqulu oğlu Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 1995-ci ildə kənd orta məktəbinin birinci sinfinə gedib. Hərbə uşaq yaşlarından maraq göstərən E.Tağıyev 2004-cü ildə 9-cu sinfi bitirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib və zabit kimi hərbi xidmətə başlayıb.

Əsgərləri Elçini qayğıkeş komandir kimi xatırlayır. Hər bir əsgərinə xüsusi diqqət göstərər, şəxsi heyətin sağlamlığını nəzarətdə saxlayardı. Döyüş meydanında da bir an belə tərəddüd etmədən əsgərlərini təhlükədən qurtarar, özünü düşünməzdi. Bir neçə uğurlu əməliyyatda iştirak edərək qəhrəmanlıq göstərib.

Hərbi həkim olan qardaşı Yalçın Tağıyev deyir ki, Elçinlə eyni istiqamətdə döyüşüblər: “Bir-birimizdən xəbər tuturduq. Sonuncu dəfə oktyabrın 1-də danışdıq. Sonra Elçinin taboru Talış kəndi istiqamətində gedən döyüşlərə qatıldı. Həmin döyüşlər zamanı yaralansa da, ilk növbədə yaralı əsgərlərin çıxarılmasını əmr edib. Uzun sürən xilasetmə əməliyyatında kapitan Elçin Tağıyev şəhid olub.

Şəhidin anası Ayna Tağıyeva iki hərbçi oğlundan birini müharibədə itirsə də, övladının igidliyi ilə fəxr edir: “Oğlum üzümü ağ edib, düşmən qarşısından geri çəkilməyib. Ölümündən əvvəl ona mayor hərbi rütbəsi verilmişdi. Özündən sonra üç övladı yadigar qalıb”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən döyüş əməliyyatlarında yüksək peşəkarlıq, igidlik və mərdlik göstərdiklərinə görə “Qarabağ” ordeni ilə təltif edilənlər arasında şəhid kapitan Elçin Ağaqulu oğlu Tağıyev də var.

Qəbri nurla dolsun.