SAZ – köksünün közündədir, Kim bunu toran görürsə, Günah onun gözündədir...

Bu “iqtibas”i misralar bu qədim kişi haqda yazmaq xəyalına düşdüyüm andanca əl qoydu nitqimə – “Hər kəs yüz il yaşamasa, Günah onun özündədir” kəlamının diktəsilə...

Hələ bu... teyxa elat övladının öz “ultra” oğluna (sonralar ünlü tənqidçilərimizdən olası Babək Qurbanova) xitabən “atanamə”si: “Mən kənddə doğuldum, sənsə şəhərdə, Sən beşikdə yatdın, mənsə yəhərdə, Mən çomaq götürdüm, sən kağız, qələm, Çomaq bir aləmdir, qələm bir aləm...”.

Hə, Qələm! Bu şairin adına-imicinə daha doğma (bütün sovet “şinel”lilərdən bir köynək yaxın) yazı-pozu gərəyi...

Deməzsizmi, bu “cılxa kəndçi” şairin bu “aləm”liyə məcnuni sədaqətinə binaən, mən bu yazını bəlli “texnika” ilə yox, qələmlə (hətta ağlımdan lələk də keçdi) yazmaq istədim...

Bəli, bizim bu başdan-başa xəlqi şairimiz bəlli “sovet mundirli” şairiyyət-şeiriyyətimizdə heç kəsə bənzəməyib; həm xasiyyət özgürlüyü, həm kəlam-qələm sözgürlüyülə. Doğulduğu kənddən (Qazax, Sarıvəlli, 17 dekabr 1905) necə sadə-saya, insan-insafi, bəlir-bülluri keyfiyyətlərlə gəlibmişsə, eləcə – durmadan dəyişən dünyanın ultral cəzbinə, bolşevizmin total hoqqalarına uymadan, elə “köhnə kişi” olaraq da getdi (3 iyul 1990). Tək elə o dünyaya yox a, həm də, yır-yığış edib çıxarkən “Uzun qollarını ala çinarlar Boynuma salsa da, mən gedər oldum!” – dediyi kəndin “gündoğar-qurdboğar” çəhlimindəki məzarlığa (öz vəsiyyətilə)... 

Bu saflıq, “təmiz-tarıxlıq” bu kişinin ənkə-ulusundan gəlirmiş. Yoxsa, Qazax rayon NKVD-si Qriqoryan Bakıya belə bir “sanbal”da arayış göndərə bilməzdi: “AYİ (AYB) İdarə Heyətinin üzvü Qurbanov Osman Abdulla oğlunun atası kənd koxasının müavini olmuş, qayınatası, bibisi uşaqları Türkiyəyə qaçmış, qardaşlarından Qurbanov Qurban 1918-1919-cu illərdə türk ordusunun könüllü əsgəri kimi Qızıl Orduya qarşı vuruşmuş, Hümbət Gəncə qiyamının fəal iştirakçısı olmuş, bibisi oğlu Əsəd Nəsibov 1926-cı ildə müsavatçı kimi həbs edilmiş, özü isə xalq düşmənləri Hacıkərim Sanılı və Mikayıl Müşfiqlə yaxın münasibətdə olmuşdur”.

Əlli yaşında verdiyi “yaş senzi fərmanı”na on beşcə bayram “dönüklük” etmiş bu şair, bundan savay (yəni, özündən asılı olan) heç nədə büdrəməyib; səksən beş sənəlik ömrünü haqq-halal dədə-baba yolunda sürüb. Düzdü, hərdən bu “şuradövrlü” qələmin də yad getdiyi olub (“Ağ gün çəkdi sağ əlini başıma, Ağ saçlarım qaralmağa başladı” və s.), ancaq, yaşıdları “Partbiletim sol cibimdə – ürəyimin başındadır”, “Bütün Yer üzünün xoş gələcəyi, Hər zövqi-səfası partiyamızdır!” deyib, “plandan əlavə” məşhurlaşdığı dəmlərdə bu adam:

“Xalqın əzəməti, fikri, xəyalı...
Sanma bir qılıncda, bir hünərdədir, –
Həm də bu sazlarda, bu sözlərdədir!”.

“Hər kiçik bayatı xalqın səsidir,
Kamal dünyasının xəzinəsidir”.

“İlham bulaqları quruyacaqdır,
Hər kimin deyilsə mayası eldən”

kimi “köküm-köyüm”lüklər yazıb.

Və belə kökənlik sevdaları olan bir şairin 28 yaşında kitabı çıxması,  1937-də AYB üzvlüyünə, 1957-də “Xalq şairi”liyinə layiq görülməsi özünə də təəccüblü gəlirmiş...   

Əslində, bu kəs çox erkənlərdən xalqın şairi idi. Əl-əl gəzən (və adları ilə də qəlb aləmini ehtiva edən) kitabları ilə: “Gətir, oğlum”, “Gənclik eşqi”, “Bahar çiçəkləri”, “Hər kəs yüz il yaşamasa”, “Kür qırağında”... 

Çox kasıb bir ailədə dünyaya göz açmış Osmanın uşaqlıq, şagirdlik (repressiya qurbanı Firidun bəy Köçərlinin Qoridən Qazağa köçürdüyü seminariyada), Göyçayın kəndlərində müəllimlik çağları ehtiyaclar girdabında keçib. Bütün ölkə ilə birgə qatı siyasi sarsıntılar, maddi gərginliklər yaşadığı 30-40-cı illər, milli azadlıq vüsalına yetməyən Cənubi Azərbaycanda keçirməli olduğu naşirlik çabaları, Bakı Pedaqoji Texnikumunun direktoru, “Ədəbiyyat” qəzetinin baş redaktoru, Nizami adına Ədəbiyyat İnstitutunda müdir müavini, AYB poeziya bölməsinin rəhbəri kimi vəzifələr daşıması da ki öz yerində...

Lakin heç nə (hətta ali təhsil illərini yaşadığı kosmopolit Moskva mühiti, gözəl tərcümələr etdiyi dünya klassiklərinin həyat-yaşam epizodları belə) bu canlı qayanın milliliyindən bir şey qopara bilməyib...

Bu məqamda daha bir “lakin”; bu özgür kişi o dünyaya özüylə bir xiffət aparmalı olub. Bir gün general Əliağa Şıxlinskinin (“Çar Rusiyası artilleriyasının Allahı”) “fikrinizi bildirin” ricası ilə göndərdiyi iki şeiri cırıb atıb və sonralar belə bir etirafda bulunub: “Neynim, o zalım dövrdə Çar və Müsavat generalının məktubuna sayğı göstərməyə cəsarətim çatmadı...”.

Bu cəsarətsizlik ardınca, yaxın keçmişimizin “Kirovabad ya Gəncə?” müzakirə-mübahisələrimizi unutmamışların xatirələrinə bir retro-əlavə:

Tarix nə oyuncaq, nə əyləncədir,
Yüz ad da dəyişib, yüz ad da qoysaq,
El dilində Gəncə elə Gəncədir...

Diqqət(!): Osman Sarıvəlli bunu 50-ci illərdə yazıb...

Və keçək mətləbə. Şairlərlə bağlı bütün mətləb cığırları da ki baş yolda – poeziyada qovuşar. Bir qəzet yazısında şeiriyyətimizin Osman odasını başabaş dolaşmaq mümkünsüz. Heç olmasa, 100 % -li dostu Səməd Vurğuna eyhamən desək, “Hər sadə, mürəkkəb cümlə”lərinin –

 

“Əzəl mübtəda”ları...

 

Yəni yaradıcılığının 99,9 faizini təşkil edən duman-çənli Vətən cənnətlərini, “keçəli-çadırlı, yeraltı damlı” yurd-yuvaları, “yaşılörpək-qızılördəkli dağ-dərələr”i, “buz bulaqlı bağ-bağat, düz ilqarlı el-elat”ları vəsf edən şeirlərindən “bəndü-bənd”lər...

Öncə bir gilə xatirə: “Mənim şairlik duyğum anam Tükəzbanın bayatılarından başlayıb. Cəhrə əyirəndə, gəbə toxuyanda çağırdığı bu bayatı isə... :

Ağacın göyü, dərdin alem,
Dibini söyü, dərdin alem,
Gözümü sənə dikmişəm,
Tezcə böyü, dərdin alem”...

Alimləri deyəmmərəm, bəndənizin xəyalı bu şairin şeiriyyət aləmini (öz lad-dadları baxımından) “gül-gül” görür. Bunlardan (təbii ki, yazı həcmi imkanında)

 

SazGÜLülər:

 

“Aşıq, bu gün yaxşı köklə sazını,
Ürək açan mahnılardan de gəlsin.
Şirin dostluq nəğməsidir hər sözün,
Sədaqətdən, etibardan de gəlsin...”

“Dostum, incə barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir...”.

 

KamanGÜLülər: 

 

“Yaxın sirdaş kimi, əziz dost kimi,
Qolunu boynuma saldı bu yerlər.
Mənim bu nisgilim vardı əzəldən,
Oxşayıb könlümü aldı bu yerlər.

Aşıq eldən alır öz nəfəsini,
Gəldim eşitməyə elin səsini,
Könlümün dil açan kəmənçəsini,
Zərif əllərilə çaldı bu yerlər...”.

 

YarGÜLülər:

 

Çiçəklərdən səni könlüm
Dilər keçər, dərdin alım,
Xəyalın tez-tez yanımdan
Gülər keçər, dərdin alım...
“Zülfün qamətindən uzundur, uzun,
Yalansa, əmr eylə boynum vurulsun!”.

Və bir nəqli-nəzmi -

 

XəyalGÜLü:

 

“- Ay Osman qağa, bir-iki günə kəndə gedirəm, sözüqnən-sovuqnan?

- Aya, ağrın alem, o yerlərə deynən (Nə sultana söylə, nə xana söylə, Mənim sözlərimi qanana söylə, Məhəbbət oduna yanana söylə misraları ardınca) :

El ağzı fal olar, hər vaxt sal yada,
Sirri dosta vermə, söyləmə yada,
Xeyir xəbər olsa eldə, obada,
Qayıdıb gələndə Osmana söylə...

- Çoxdandı ayağın düşmür oralara,
bir umurun varmı, gətirim...
- Özünlə çiçəkli, güllü yaz gətir,
Bir aşıq havası, bir saz Saz gətir,
Ana yurdumuzun nəyi var, gətir -
Məhəbbət, sədaqət, etibar gətir!...”.

Bir əlçim də -

 

YumorGÜLü:

 

Bir kərə bir aşıqdan soruşur ki, adın nədi, deyir, Ramin. Qayıdır ki, ay oğul, aşığın adı olar Alı, Ələsgər, Məmmədsöyün, Kərəm...”. 

Və bu adamın tək elə yazıları ilə yox, bütün oturuş-dürüşu, əməl-feili tərz-hərəkətlərilə elatcıl olduğuna dəlil-sübutçün bir “deyişmə” -

 

DastanGÜLü

 

(müasir leksikonla – dörd-beş il öncə mətbuatdan oxuduğum və daha çox xoşlandığım dörd bəndini kağıza köçürdüyüm “Osman-Novruz deyişməsi” adlı geniş bir yazının “konspekt”i).

Əslində, bunu (üzbəüz deyilmədiyinə görə) deyişmə yox, yazışma (özü də qiyabi) adlandırmaq gərək. 

Həə, bu şair 1946-cı ilin bir payız günü Borçalının Kirəc Muğanlı kəndinə gedir. Maması (bibisi) oğlunun həyətinə girib görür, bay, heç kəs yoxdu ki. Xeyli “neynim-neceləyim”dən sonra, çöl soyuğunda titrəşən mal-qaranı dama salır, evə keçib, bişirilmiş südü çalır, aclığını alıb, üstündən bir dolça su içir, ancaq gələn olmur və qələm-kağız götürüb, belə bir namə yazır:

“Bu kəndin ayaz-boranı,
Bürüyüb dağı-aranı,
Qapınızda mal-qaranı
Dama saldım, ay mamoğlu.

Qışın bu ayaz günündə,
Kəsmədiniz iki kündə,
Muğanlıda bircə gündə,
Lap qocaldım, ay mamoğlu”.

Axşamdan xeyli keçmiş mamoğlu gəlir, naməni oxuyub peşmançılıq keçirir, qonşu Qaçağan kəndindən şair Novruzu çağırtdırır, hadisəni nəql edib, belə bir cavab yazırlar:

 

“Bu kəndin ayaz-boranı,
Sevmir soyuqdan qorxanı,
Sənin kimi növcavanı,
Etdi giryan, ay dayoğlu.

Almayaydım bu bərbadı,
Tanrı vursun pis arvadı,
Nə yedin – biləsən dadı,
Oldum peşman, ay dayoğlu”.

Cavabnamə şairə çatcaq dərhal Kirəc Muğanlıya gəlir, böyük məclis qurulur və “küsülülər” – dayoğlu-mamoğlu qucaqlaşıb, barışırlar...

Belə. Bu şairə dair neçə-neçə bu kimi ən qədim və ən müasir fikir-təəssürat “portret”lərindən bu qədər...

Belə bir atüstü “tamam”ın zəhmətkeş bir həşəratüstü davamı. Sağlığında:

“Döydü yağış məni, döydü qar məni,
Minsəm qarışqanı, aparar məni” –

demiş bu şairin küll-yaradıcılığında boy verən milli-ibrətamiz hikmətlər dəvələr-fillərin də çəkəmməyəcəyi ədəb-irfan yükü...

Tahir ABBASLI