Türkiyənin Türk Müzik Birliyi (TMB TV) telekanalının təşkilatçısı olduğu “Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsi bu il COVİD–19 pandemiyası səbəbindən onlayn formatda keçirilir. Yarışma dekabrın 20-də saat 17:00-da başlayacaq.
Müsabiqəyə Türkiyə, Azərbaycan, Rusiya Federasiyanın türk əhalisi olan respublikaları, Ukrayna, Belarus, Moldova (Qaqauz Yeri muxtar bölgəsi), Bosniya və Herseqovina, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa və Almaniyadan ümumilikdə 26 təmsilçi qatılıb.
“Türkvizyon 2020”nin qalibini hər iştirakçının təmsil etdiyi ölkə və diyardan bir nəfər olmaqla 26 nəfərdən ibarət münsiflər heyətinin səsləri müəyyən edəcək. Bundan başqa, müsabiqədə xüsusi “Tamaşaçı rəğbəti” mükafatı nəzərdə tutulub. Bu mükafat iştirakçılar arasında “Sarı gəlin” mahnısının ifasına görə veriləcək. Tamaşaçı səsverməsi www.turkvizyon.tv saytında keçiriləcək.
“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik türkdilli ölkə və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq mədəni platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.
Yer kürəsinin təxminən 21 milyon kvadrat kilometrlik bir ərazisinə yayılan "Türk Mədəniyyət Birliyi" (TMB) televiziya layihəsi çərçivəsində reallaşan bu layihə gələcək nəsillərə dostluq, qardaşlıq və əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Bunlardan əlavə, “Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinin iştirakçı ölkələrin televiziya kanallarında, muxtar bölgələrdə canlı yayımlanması türk mədəniyyətinin təbliğinə mühüm töhfə olacaq.
Müsabiqəni 20-dək telekanal canlı yayımlayacaq. Azərbaycanda yarışmanı “Azad Azərbaycan” və TMB TV kanallarında izləmək mümkün olacaq.
Qeyd edək ki, təşkilatçılar gələn il müsabiqəni Azərbaycanın Şuşa şəhərində keçilməyi planlaşdırırlar.