Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Kəlbəcər rayonunun gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb.

“Kəlbəcər qədim abidələri, alban irsi, müalicəvi bulaqları, gözəl təbiəti və möhtəşəm relyefi ilə turizmin müxtəlif növlərinin inkişafına imkan verəcək geniş potensiala malikdir. Bu gün düşməndən azad olunan Kəlbəcərin gəzməli-görməli yerlərini təqdim edirik”, - deyə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Tvitter” səhifəsində paylaşımında bildirib.

Tanıtım videosunda Kəlbəcər rayonu ərazisindəki Xudavəng monastır kompleksi və Gəncəsər məbədi, Lev dağ qalası, Orta əsrlərə aid edilən müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələr, Kəlbəcərin müalicəvi suları, dünyaca məşhur İstisu bulaqları haqqında məlumatlar verilir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən bundan əvvəl Qubadlı, Zəngilan və Şuşanın gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində işğaldan azad edilmiş digər torpaqlarımızın da turizm potensialını əks etdirən videoçarxların hazırlanması nəzərdə tutulub.