Görkəmli kinorejissor, ssenarist, yazıçı, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən sənədlər əsasında virtual sərgi açılıb.
Milli Arxiv İdarəsindən bildirilib ki, virtual sərgi Prezident İlham Əliyevin “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq hazırlanıb.
Sərgidə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotolar yer alır.
Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi filmlərlə milli kino sənətimizi zənginləşdirib. Onun mənəvi zənginlik, əxlaqi saflıq, dərin zövq aşılayan ekran əsərləri, xüsusilə “Nəsimi” tarixi-bədii filmi milli kinematoqrafiyanın nailiyyətləri sırasında özünəməxsus layiqli yer tutur. Unudulmaz sənətkar Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi uzun illər ərzində dünya kinosunun qabaqcıl təcrübəsindən lazımınca bəhrələnməklə respublikada kinematoqrafiya fəaliyyətinin təşkilinə və kino sənətinin inkişafına əhəmiyyətli töhfələr verib.