Beynəlxalq Muğam Mərkəzi (BMM) milli musiqimizin, muğam sənətinin təbliği və tədqiqi sahəsində layihələri sırasına elmi-kütləvi, sənədli filmlərin istehsalını da əlavə edib. BMM-in rəhbərliyinin təşəbbüsü ilə büstləri mərkəzin foyesini bəzəyən korifey sənətkarlar haqqında sənədli filmlərin çəkilişləri başlanıb.

Layihənin ilk filmi mədəniyyət beşiyimiz Şuşanın sənət aləminə bəxş etdiyi ustad xanəndə, Azərbaycanda, Gürcüstanda, eləcə də Yaxın Şərq ölkələrində adı dillər əzbəri olmuş Bülbülcana (Əbdülbağı Zülalov, 1841-1927) həsr edilib. Filmin çəkilişləri Bakı və Tbilisi şəhərlərində aparılıb.

Sənədli filmdə Gürcüstan arxivlərindən, muzeylərindən onun həyatına aid yeni materiallar, dövrün mənzərəsini əks etdirən qədim Şuşa, Tbilisi və Bakıya aid fotolardan, sənədli kinofoto xronikalardan istifadə olunub. Dövrün ictimai-siyasi, sosial-mədəni mənzərəsini dürüst təsvir etmək, Bülbülcanın portret cizgilərini dolğun vermək üçün bədii səhnələrdən də istifadə edilib.

Bülbülcan rolunu Əməkdar artist Təyyar Bayramov canlandırıb. Ekran əsərində ustad xanəndə, Xalq artisti Arif Babayevin, Əməkdar incəsənət xadimi Sənubər Bağırovanın, Bülbülcanın nəslindən olan insanların fikirləri yer alıb.

Layihənin ideya müəllifi və bədii rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynov, ssenari müəllifləri Gülhüseyn Kazımlı və Hafiz İmamnəzərlidir.

Gürcü və Azərbaycan dillərində təqdim olunacaq film pandemiya şəraiti nəzərə alınmaqla tamaşaçılara təqdim olunacaq.