Bu başlığı Həsən Seyidbəylinin əsərlərindən biri – “Cəbhədən cəbhəyə” povesti diktə etdi...

Hə, o, böyük ekran aləminə ədəbi-bədii yaradıcılıqdan gəlmişdi. “Uzaq sahillərdə” filmindən sonra tamaşaçılardan onu (və bir neçə ədəbi nümunədə birgə çalışdığı İmran Qasımovu) “qələm və ekran Mixayloları” adıyla da çağıranlar varmış. Əlavə edərmişlər ki, ekrandakı “Mixaylo” – Mehdi Hüseynzadə “dinamit”lə alman kinoteatrlarından birini partladırsa, bunlar “anşlaq”la bütün ölkə kinoteatrlarını dağıtmaqdadırlar...

Həmin ekran şedevrilə bağlı “ilişgi”ləri davam etdiribən deyək ki, Həsən Seyidbəylinin atası (onun da adı Mehdi) bu oğlunun rəssam olmasını arzulayırmış. Bu an bəhsedilən filmdə partizanların komandiri Luicinin təəccübündən qopan “Bilmirəm, sən kəşfiyyatçısan, ya rəssam” sual ilə qətiyyətlə verilən cavabın (“Mən rəssamam!”) ab-hava fərqinə varaq. Maraqlı deyilmi ki, rəssamolma arzulu bu “Mixaylo”lardan əlisilahlısı dünyanın məşhur partizanı, qələm-kameralısı ustad yazıçı-ssenarist-rejissorlarından biri kimi tanındı...

1920-ci il dekabrın 22-də Bakıda doğulub, 1980-ci il iyunun 25-də vəfat edib.

Altmışillik bir ömür. Bəs bunu –

 

Necə yaşayıb,nələr edib?...

 

Bu sualın konkret və “müsbət cavab”ı üçün onun üç-dörd filmini xatırlatmaq da kifayət edərdi. Lakin, o mükəmməl filmlər mükəmməl təhsilsiz, gərgin axtarış, aramsız çaba-çalışmalarsız alına bilməzdi, axı. Onu yaxından tanıyanların xatirələri də bu məziyyətlərdən soraq verir. Məsələn, bir vaxtlar Azərbaycan radiosunun idman redaksiyasında çalışan qardaşı Adil Seyidbəyli yaşıdlarına danışardı ki, Həsən hələ uşaqlıqdan onların (və başqalarının) danışıq tərzinə, bütün hərəkət-jestlərinə rejissor “traktovka”sıyla, kamerman gözüylə baxardı.

Belə “məhəlli” söhbətlər öz yerində, keçək bəlli qədər ədəbi və ekran obrazları yaratmış bu personanın rəsmi tərcümeyi-hal epizodlarına.

Sənədlər, xatirələr, söhbətlər ərz edir ki, Həsən Seyidbəyli bu sahədə ciddi bir yol keçib.

Nardaranlı bir dövlət qulluqçusu (və evdar bir xanım) ailəsində doğulan Həsənin dünyaya gəlişi ölkənin çox qarışıq dövrünə düşüb; milli Cümhuriyyət devrilmiş, sovet-bolşevik hakimiyyəti meydan sulamaqda. Bu ailə də təsir-təzyiqlərə məruz qalır, var-dövləti alınır. Övladlarının təlim-tərbiyəsinə xüsusi diqqətlə yanaşan Seyidbəylilər ailəsi hər üç övladını idman sahələrinə yönləndirmək istəsə də, Həsən ədəbiyyat-incəsənət aləminə meyllənir. Ovaxtlar tək-tük kino-teatrlarda nümayiş etdirilən təkəmseyrək filmlərə tamaşa etdikcəsə...  

Orta məktəbi bitirdikdən sonra (1938) bu arzu sorağıyla yola çıxan Həsən Leninqrad (Sankt-Peterburq) Kino Mühəndisləri İnstitutunda dayanır. Amma yox, bu da o deyilmiş... və 1939-da Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsi. Və tezliklə... müharibə, daha sonra, oxuduğu institutun Alma-Ataya (Almatı) köçürülməsi; soyuq vaqonlar, qatarın günlərlə ləngidiyi stansiya-stanitsalar və digər (sonralar çəkiliş meydançalarında da üzləşəcəyi) “kadrarxası” situasiyalar... 

Bu çətin təhsil-tələbəlik illərindən sonra “kadrkənarı” müharibə ab-havası yaşayan Bakı (1943). Peşəkar kino təhsili almış olsa da, hələ ekran dövranı olmadığını görən Həsən işə yaxın keçmişinin məşğuliyyətilə (kiçik hekayə, novella, məqalələrlə) başlayır. “Bugünlər yazım, sabahlar çəkərəm...” xəyalı ilə müxtəlif qəzet-jurnallarda çıxış edir. Sonralar bunlardan bəzilərini “sınaq-sandıq ədəbiyyatı” adlandırası ədibin “Cəbhədən cəbhəyə” və ekranlaşdırdığı “Telefonçu qız” povestləri, Azərbaycan kinosunun zirvələrindən sayılan “Uzaq sahillərdə” romanı (İ.Qasımovla birgə) həmin arzu-çabaların nəticələrindən idi. 

Bir sıra rəngli kino-oçerk və qısametrajlı filmlərin də müəllifi olan bu “çox istedadlı və çevik oğlan”ın şöhrəti elə yayılır ki, “Sovet Xəbərlər Bürosu” onu xüsusi müxbirliyə dəvət edir. Kiçikhəcmli xəbər və zarisovkalarda respublikamızın mədəni-ədəbi, milli-mənəvi detallarına da toxunur, tariximizdən, adət-ənənələrimizdən də bəhs açmağa cəhdlər edir. Birazdan ictimai-siyasi xadim kimi də diqqət mərkəzinə düşəsi bu müəllif tez-tez xarici ölkə səfərlərinə göndərilir, hər qayıdışında da dövri mətbuat səhifələrində maraqlı oçerk, təəssürat, yol qeydlərilə çıxış edir.

Ancaq, Həsən Seyidbəyli daha çox “vizual xəbər”lərçün doğulubmuş. Necə ki, kino biliciləri tezliklə onu “böyük ekran şəxsiyyəti” kimi obrazlaşdıracaqdılar.

Bəli, klassik milli-mental dünyabaxışımızın daha da inkişaf edib formalaşmasında diqqətəlayiq xidmətləri olmuş bu soydaşımız Ümumittifaq kinosunun da aparıcı, ustad nümayəndələrindən hesab edilib.

Vəfatı öncəsi yazıçı İsa Hüseynovla birgə “Nizami” filminin ssenarisi (və təbii ki, ekranlaşdırılması) üzərində çalışırmış, lakin əcəlin də öz “ssenari”ləri, öz “quruluşları”...

Deməli, hər gözəl ekran işindəki “filmin sonu” titri ilə biz tamaşaçıları təəssüfləndirən bu kino-azmandan bəhs edən bu “yazının sonu” da –

 

Minorluğa doğru...

 

Hər mətləbdə “çərçivə-çəpərli” sovet dövründə milli-mənəvi duyğularımızın formalaşmasında böyük xidmətləri olmuş bu sənətkarı yaxından tanıyanların xatirə-söhbətlərinə görə, çox nikbin, həyatsevər təbiətli H.Seyidbəyli həm də “aşırı həssas” imiş. Gəncliyi 1930-cu illər burulğanına təsadüf etmiş bu adam bəzi soydaşlarının həmin siyasi dür-düşüncələri “sovetizmin “nisbətən yumşaldığı illər”ə də daşımasını heç cür sinirə bilmirmiş. İmza atdığı ədəbi-bədii əsərlərin, filmlərin heç birində siyasi quruluşun quluna çevrilməyən bu müəllif buna oxucu və tamaşaçılarının xəbərsiz qaldığı çox “kadrarxası” çəkişmələr hesabına nail olurmuş. Bu qəbil “qalmaqal”lar onun milli kino tariximizin qızıl fonduna daxil olan “Bizim Cəbiş müəllim” və “Nəsimi” filmlərindən də yan keçməyib.

Xatirələrdən:

“Həsən müəllim, bu filmdə (“Möcüzələr adası”) neft buruğu cihazının xarab olması və o mənfi usta obrazı məsələlərinə əl gəzdirsəz, yaxşı olar...  

- Bu sizin fikrinizdir?

- Yox, Mərkəzi Komitənin...”

Ssenarisini İsa Hüseynovla birgə yazdığı “Nizami” filminin tale macərası isə çox geniş (və rejissorun “vaxtsız vəfat” məsələsinə səbəb) bir mövzu...

Bu məqamda, bu “bənzərsiz pavilyon əsəbisi”nin nikbinlik saçan son zarafatlarından birini (həyat yoldaşına) xatırladım: “Mənə çox xörək və qənnadıları qadağan etməyi bacaran “Şəkər xanım”ın (şəkər xəstəliyi) gecə-gündüzlü kino qidama gücü çatmaz”...

Hə, Azərbaycan kinematoqrafiyasında “yeni mərhələ rejissorları”ndan sayılan bu sənətkar “kino işi”nin hər detalına ciddi yanaşar, buna dodaq büzənlərə isə, dahi kinoşünas Rene Klerin “Kino üç mərhələdə yaranır: ssenari yazılarkən, film çəkilərkən və montaj edilərkən” deyimini xatırladarmış. 

Müasirlərindən birinin söyləməsinə görə, H.Seyidbəyli öz filmlərində “tanınmamış istedadlar”ı çəkməyə çalışarmış. “Nəsimi” filmində baş rolun məşhur namizədləri arasından seçdiyi Rasim Balayev də bu sıradan. “Necə yəni, cavan bir tələbə və qos-qocaman dahi şair?!” Bu kimi cürbəcür etiraz “not-nota”ları və həssas duyumlu ustadın öz dönməz inadı ilə buna nail olması... 

Filmlərinin bir çoxunu öz əsərləri əsasında ekranlaşdıran (“Qızmar günəş altında”, “Uzaq sahillərdə”, “Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan?”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları”) rejissor “yad” ssenariləri də (“Bizim Cəbiş müəllim”, “Nəsimi” və s.) alovlu sənətkar ürəyilə işləyib.

Deyirlər, onun filmlərinin uğurundakı “baş rol” düzgün aktyor seçiminə mənsub. Məsələn, “Bizim Cəbiş müəllim”indəki “Makedon”u Pirşağıda dincələrkən tapıb, elə ordaca onunla  məşq edib və ekrana peşəkar bir aktyor çıxarıb.

Bu sənətkar müraciət etdiyi hər bir mövzunun vizual tablosunu, hər qəhrəmanın abidəsini yaratmağa, o mənzərələrə, o peşələrə (müəllimliyə “Bizim Cəbiş müəllim”də, rabitəçiliyə “Telefonçu qız”da, qanun keşikçiliyinə “O qızı tapın”da, neftçiliyə “Möcüzələr adası”nda və s.) ictimai rəğbət oyatmağa cidd-cəhdlər edib və buna nail olub. 

Bir vaxt “Mənim seçdiyim qəhrəmanlar tipaj deyildir. Həmişə haqlarında düşündüyüm, hər gün həyatda təsadüf etdiyim və ekranda görmək istədiyim qəhrəmanlardır” – deyən və bu gün 100 illiyi qeyd edilən bu sənətkarın çəkdiyi filmlər sağvaxtlı ömründən çox yaşlı... 

Tahir ABBASLI