Prezident İlham Əliyevə doğum günü münasibətilə dünyanın müxtəlif ölkələrinin rəhbərlərindən, bir sıra təşkilatlardan təbrik məktubları gəlməkdə davam edir. Türk dünyası təşkilatlarının rəhbərləri də dekabrın 24-də 59 yaşı tamam olan Azərbaycan Prezidentini təbrik ediblər.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası və öz adından İlham Əliyevi təbrik edərək yazır:
“Sizin builki ad gününüz Azərbaycan və Türk dünyası üçün önəmli tarixi hadisələrlə və nailiyyətlərlə əlamətdardır. İşğal altında olan torpaqlar Zati-alinizin müdrik siyasəti və hərbi rəhbərliyi nəticəsində şanlı Azərbaycan Ordusu tərəfindən azad edilərək Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə son qoyuldu və əzəli Azərbaycan torpaqlarında sülh və rifahın bərqərar olması ilə tarixi ədalət bərpa edildi.
İnanıram ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimiz qısa zaman ərzində bərpa ediləcək və Qarabağda keçiriləcək beynəlxalq mədəni tədbirlərin təşkil olunmasında TÜRKSOY da yaxından iştirak edəcəkdir.
Fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram”.
***
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Prezidentinə ən xoş arzu və diləklərini ifadə edərək yazır:
“Sizin geniş dünyagörüşünüz və müdrik liderliyiniz nəticəsində Azərbaycan beynəlxalq aləmdə, o cümlədən Türk dünyasında sürətlə inkişaf edən, getdikcə söz sahibi olan daha qüdrətli bir ölkəyə çevrilib. Bu gün Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir.
Sizin yenilməz iradəniz, cəsarətli siyasətiniz nəticəsində Azərbaycanın öz əzəli torpaqlarına yenidən qovuşması tarixdə yeni, misilsiz uğur olmaqla yanaşı, regionda sülhün və sabitliyin bərqərar olmasının göstəricisidir. Yenidən doğma Qarabağ torpaqlarında Azərbaycanın şanlı Bayrağının dalğalanması Sizin Vətənə olan sonsuz sevginizin və sədaqətinizin əyani sübutudur.
Bu gün Azərbaycanın əldə etdiyi uğurlar ümumilikdə bütün Türk dünyasının uğurudur. Zati-alinizin təşəbbüsü ilə yaradılan, türkdilli xalqların tarixinin, maddi-mənəvi irsinin qorunması, araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu yolda Azərbaycanla birlikdə addımlamaqdan şərəf duyur. Fondun hər zaman Azərbaycanın yanında olduğunu bildirməkdən böyük fəxarət hissi duyduğumuzu qeyd etmək istəyirik.
Sizə möhkəm cansağlığı, ailə həyatınızda xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Bu xoş fürsətdən istifadə edərək Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik.
***
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlinin təbrik məktubunda deyilir:
“Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm. Həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizə xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin məqsədyönlü, ardıcıl və yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycan Respublikası beynəlxalq miqyasda bütün sahələrdə əhəmiyyətli uğurlar əldə edib. Xüsusilə Sizin rəhbərliyinizlə Vətən müharibəsində qazanılan şanlı Zəfər qardaş Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olundu. Azərbaycanın qazandığı uğurlar gələcək nailiyyətlərin möhkəm təməlini qurmaqda və bütün Türk dünyasında böyük fərəh hissi ilə qarşılanmaqdadır. İnanıram ki, türkdilli dövlətlər arasında əlaqələrin inkişafına göstərdiyiniz xüsusi diqqət xalqlarımız arasında mövcud olan tarixi bağların daha da möhkəmlənməsinə önəmli töhfə verməkdə davam edəcək.
Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin təşəkkürümü bildirirəm. Bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.