“Mədəniyyət/Culture” jurnalının yeni nömrəsi işıq üzü görüb. Jurnalın üz qabığındakı “27 sentyabr – Anım günü” yazısı Vətən müharibəsində möhtəşəm Qələbəmizin başlanğıc xatırlatması kimi rəmzlənir. Jurnal Azərbaycan Ordusunun Qarabağda zəfər yürüşü və yazdığı şanlı tarixlə bağlı “Əsrə bərabər günlər” sərlövhəli məqalə ilə açılır. Yazıda qalibiyyətli Vətən müharibəsi günlərində Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr diqqətə çatdırılır.
Ölkə başçısının müvafiq sərəncamı ilə 100 illik yubileyi qeyd olunan Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılov və onun oğlu Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun həyat və döyüş yolu barədə nəvə – polis polkovnik-leytenantı Müşfiq Cəbrayılovla müsahibədə oxucu nəsillərin varisliyinin şahidi olacaq. Müsahibədə bir ailənin iki qəhrəmanının II Dünya müharibəsi cəbhəsindən Qarabağ Vətən cəbhəsinə uzanan yollarının mürəkkəb, amma şərəfli tarixindən söz açılır.
“Ədəbiyyat” rubrikasında azadlıq mübarizəsinin başlanğıcından meydanda olan alim qəhrəmanımız Aydın Məmmədov obrazından və əsərləri ilə yeni nəsildə vətənpərvər ruh formalaşdıran yazıçı Əli Səmədli nəsrindən bəhs olunur.
“Kino” rubrikamızda müxtəlif yaş kateqoriyasına mənsub kinematoqrafçılarımızın hərbi-vətənpərvərlik mövzusuna artıq Qələbə rakursunda işıq tutulur.
“Rəngkarlıq” bölümündə “Xalq rəssamı Elmira Şahtaxtinskayanın “Azərbaycan – qədim mədəniyyət ölkəsidir” silsiləsi haqqında “Azərbaycanın informasiya müharibəsində rolu” məqaləsində söz açılır. Naxçıvanda xalçaçılığın tarixi və inkişafı mövzusunda suallara isə AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli cavab verir. “Sakura ağacının kölgəsində kimono geyimli musiqiçimiz” başlıqlı məqalədə vətəndən uzaqlarda – Yaponiyada yaşayan istedadlı pianoçu Gülnarə Azuma-Səfərovanın çoxcəhətli yaradıcılığından bəhs olunur. “Mədəni irsimiz” rubrikasında “Azadlığa qovuşan abidələr” və “Qədim yaşayış yeri – Qala kəndi” yazıları həm də fotoşəkillərin dili ilə danışır.
Jurnalın sərbəst mövzuları sırasında “Üzeyir Musiqi günü”nə həsr olunan ənənəvi festivalın televersiyasının şərhinə, Çexiyada yaşayıb rus dilində yazan şairəmiz Leyla Bəyimin “Сердце мое –Шуша” şeir-nəğməsinə rast gələcəksiniz. “Həmkarlarımız” layihəsində bu dəfə fotoqraf dostlarımız Zaur Mustafayev və Cəlal Firidunov barədə yazı yer alıb.
Oxucular “44 qızıl gün və Xudafərin” yazısında Qələbə haqqında jurnalist düşüncələri ilə tanış olacaqlar.