Əbülfəs Qarayev: «Gənclərin turizm sənayesinə marağı getdikcə artır»
  
   Dünən Azərbaycan Turizm İnstitutunda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan ATİ-nin rektoru Cəfər Cəfərov bildirdi ki, artıq 4 ildir fəaliyyət göstərən institutun Azərbaycanın ali təhsil müəssisələri içərisində öz yeri var.
  
   Bu yerin qazanılmasında institutun müəllim və tələbə heyətinin və Mədəniyyət və Turizm Nazirliyinin xüsusi rolu olduğunu qeyd edən rektorun dediyinə görə, ölkə rəhbərliyinin dəstəyi olmasaydı, bu uğurların heç birini qazanmaq mümkün olmazdı: «İnstitutun yaradılmasından bu günə qədər burada mövcud olan bu mənəvi-psixoloji şəraitə və aldığımız dəstəyə görə ölkə prezidenti İlham Əliyevə minnətdarlığımızı bildirirk. Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin strateji xəttinin tərkib hissəsidir. Turizm İnstitutu da bu sahəni ixtisaslı kadrlarla təmin etmək məqsədilə yaradılıb. Biz bu məqsədə çatmaq üçün əlimizdə olan bütün imkanlardan istifadə edirik».
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ATİ-nin artıq dördüncü ildir tələbə qəbulu həyata keçirdiyini bildirdi və məzun ili olduğu üçün bu ilin institut üçün xüsusilə əlamətdar olduğunu dedi: «İlk dəfə Azərbaycan turizm sənayesinə Azərbaycan hökuməti və beynəlxalq mütəxəssislər tərəfindən hazırlanmış 300-ə yaxın ali təhsilli peşəkar mütəxəssis təhkim ediləcək. Ölkəmizdə turizm sənayesi ildən-ilə inkişaf edir. Əgər 4-5 il əvvəlki statistika ilə müqayisə etsək, görərik ki, Azərbaycanı özlərinə istirahət məkanı seçən insanların sayı hər il artır. Eyni zamanda getdikcə bu insanlara xidmət edən turizm şirkətlərinin sayı da çoxalır. Hər il Azərbaycanda 50-yə qədər mehmanxana və memanxana tipli obyektlər fəaliyyətə başlayır. Lakin sadəcə turizm şirkəti açmaqla və yaxud hotel tikməklə iş bitmir. Biz Azərbaycanı dünya turizm bazarına çıxarmaq üçün var qüvvəmizlə çalışmalıyıq. Ona görə də nazirlik hər il təxminən 20-yə qədər beynəlxalq turizm sərgisində iştirak edərək Azərbaycanın turizm potensialını təbliğ edir. Bundan əlavə, Azərbaycan hökuməti CNN, «Euronyus» kimi butun dünyaya yayımlanan telekanallarda ölkəmizin turizm imkanlarını əks etdirən reklam çarxlarının nümayişinə lazımi qədər vəsait ayırır. İstəyirik ölkəmiz dünyanın ən məşhur istirahət məkanlarından birinə çevrilsin».
   Ə.Qarayevin dediyinə görə, ATİ Azərbaycanın təhsil sistemində yeganə ali təhsil müəssisəsidir ki, buranın tələbələri hər il müxtəlif ölkələrdə təcrübə keçmək imkanı əldə edir. Bu təcrübə onların dünyagörüşünün artırılmasına, mükəmməl təcrübəyə sahib olmasına böyük imkan verir: «Yeni turizm texnologiyalarının mənimsənilməsi, onların tətbiq edilməsi, yeni marketinq və menecment biliklərinin Azərbaycanda tətbiq olunması sözsüz ki, yeni nəsildən asılıdır. Bu gün bu istitutun tələbələri müasir informasiya texnologiyası vasitəsilə və xarici dili mükəmməl bilməklə ölkəmizə gələn insanlara gözəl təbiətimiz, zəngin maddi-mədəni irsimiz, mədəniyyətimiz, çoxəsrlik tariximiz haqqında geniş bilgi verməyə qadir olacaqlar». Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan hökumətinin təhsilə önəm verərək, yeni tədris ocaqlarının açılmasına, onların müasir texnologiya ilə təmin edilməsinə xüsusi diqqət yetirdiyini deyən nazir bildirdi ki, hər il respublikamızdan yüzlərlə gənc müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün göndərilir: «Çox sevindiricidir ki, Turizm İnstitutunun tələbələri də bu sıradadır. Hazırda «Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi”-Lot 6 proqramı çərçivəsində ATİ-nin 16 tələbəsi dünyanın müxtəlif ölkələrində təhsilini davam etdirir. İnstitumuzun şəraiti o qədər də təmtəraqlı olmasa da, onun mənəvi dünyası təhsilin yüksək dərəcədə mənimsənilməsinə imkan verir. Mən bir şeyi də böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, qəbul imtahanları zamanı bizim instituta seçim olduqca yüksək müsabiqə ilə aparılır və fəaliyyət göstərdiyi 4 il ərzində ATİ-yə keçid balı 400-dən aşağı olmayıb. Bu da turizm sənayesinə gənclər arasında böyük marağın göstəricisidir».
   Ə.Qarayev onu da dedi ki, bu il ATİ-nin tələbələri Azərbaycanda ikili diplom alan ilk məzunlar olacaq: «25 nəfər tələbəmiz həm ATİ-nin, həm də Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alacaq. Bu diplom onlara dünyanın hər bir ölkəsində turizm sənayesində işləməyə imkan verəcək. İnanıram ki, sizin hər biriniz öz sahəsinin mütəxəssisi olacaq və Azərbaycan turizmini layiqincə tanıtdıracaqsınız».
   Nazir bu il ATİ-yə ən yüksək balla qəbul edilmiş tələbələrə tələbə biletini təqdim etdi və təhsildə uğurlar arzuladı.
   Tədbirdən sonra Ə.Qarayev təhsil ocağının kafedralarında, auditoriyalarında, kitabxanasında oldu.
  
   Fəxriyyə ABDULLAYEVA






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar