Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Vətən müharibəsində şəhid olmuş əməkdaşı – Teatrda işıqçı işləmiş Əliağa Məmmədova və döyüşlərdə iştirak etmiş digər əməkdaşlara həsr olunmuş "Döyüşən teatr" (“İşıq adam”) videofilmini təqdim edib.
Filmə Akademik Musiqili Teatrın rejissoru Samir Qulamov quruluş verib. O bildirib ki, müharibənin qızğın vaxtlarında, eləcə də sonrakı mərhələlərdə teatrın kollektivi müzəffər Ordumuza dəstək olub.
Qarabağın azadlığı uğrunda Vətən müharibəsində tariximizə adını qızıl hərflərlə yazdıran şəhidlərimizin sırasında teatrın əməkdaşı Əliağa Məmmədov da var. Filmdə şəhidin ailə üzvlərinin, teatr rəhbərliyinin, iş yoldaşlarının da fikirləri yer alıb: “Şəhidlərimizi ehtiramla yad etmək və döyüşlərdə iştirak etmiş qazilərimizə diqqət göstərmək bizim müqəddəs borcumuzdur. Allah cəmi şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.
Qeyd edək ki, filmin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Əlqismət Lalayev, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir.
Filmdə Müdafiə Nazirliyinin, Azərbaycan Televiziyasının videokadrlarından, görkəmli bəstəkar və musiqiçilərin – Fikrət Əmirov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Eldar Mansurov, Emin Sabitoğlu, Ədalət Vəzirov, Əlixan Səmədov və Ali Alıyevin əsərlərindən və ifalarından, "Millətəm" (Elçin Cəfərov, Sabir Rüstəmxanlı) mahnısından istifadə edilib.
"Döyüşən teatr" (“İşıq adam”) videofilmini buradan izləmək olar:
https://www.youtube.com/watch?v=1nJtlAq-VPI&feature=youtu.be