Azərbaycan dövləti mədəniyyətimizin, o cümlədən ozan-aşıq sənətinin inkişafına, bu sahədə çalışanlara, inkişaf etdirənlərə diqqət və qayğı göstərir. Gürcüstanın Borçalı bölgəsindən olan ozan-aşıq sənətkarlarının irsi də diqqətdən kənarda qalmayıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu məqsədlə Marneuli rayonunun Kəpənəkçi kəndində, ustad aşıq Kamandar Əfəndiyevin (1932-2000) ev-muzeyində olub.
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanın da iştirakı ilə keçirilən görüşdə bildirilib ki, ustad bu əbədiyaşar sənətin zənginləşməsi və inkişafında misilsiz xidmətlər göstərib. Borçalı aşıq məktəbinin yetirməsi olan Kamandar Əfəndiyev 1984-cü ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” adına, 1999-cu ildə isə Gürcüstanın yüksək mükafatı olan “Şərəf” ordeninə layiq görülüb. 2012-ci ildə sənətkarın 80 illik yubileyi Tbilisidə və Bakıda dövlət səviyyəsində qeyd edilib. Elə həmin ildə aşığın ev-muzeyi yaradılıb və 2013-cü ildə onun qarşısında büstü qoyulub.
Aşıq Kamandarın ev-muzeyi hazırda Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstan nümayəndəliyi tərəfindən müasir muzey standartlarına uyğun olaraq təmir edilir. Təmir işlərini TİKA-nın Gürcüstan üzrə əlaqələndiricisi Necla Demirdağın rəhbərliyi ilə Gürcüstanda muzeylərin bərpası və qurulması üzrə təcrübəli mütəxəssislər aparır. Layihənin məsləhətçisi folklorşünas, professor Mahmud Kamaloğludur.
Faiq Quliyev və Fatma Ceren Yazqan muzeydə görülən işlərlə yaxından tanış olub, türk xalqlarına məxsus olan ozan-aşıq sənətinin tarixi, bu sənətin bölgədəki digər xalqlara təsiri barədə fikir mübadiləsi aparıblar.
Diplomatlar muzeylə bağlı tövsiyələrini verib, gələcəkdə də bölgədə olan belə mədəniyyət ocaqlarının fəaliyyətinə hər cür dəstəklərini verəcəklərini vurğulayıblar.
Ev-muzeyinin gələn ilin əvvəllərində yenidən sənətsevərlərin ixtiyarına veriləcəyi gözlənilir.