Türkiyədə yaşayan azərbaycanlı rəssam-heykəltəraş Gülnarə Pamuk-Muxtarova tarixi Azərbaycan torpağı olan Qarabağın düşmən işğalından azad edilməsi münasibətilə “Çoban və uşaqlar” mövzusunda rəsm əsəri çəkib.
Bu barədə açıqlama verən rəssam əsərin 1984-cü ildə Laçında çəkilmiş fotoşəkil əsasında ərsəyə gətirdiyini bildirib: “Əsərə özümdən əlavələr də etmişəm. Necə deyərlər, hisslərimi qələmə almağa çalışmışam. Qarabağ mənim üçün cənnətin özüdür. Mən xəyallarımdakı Qarabağ cənnətinin rəsmini çəkməyə çalışmışam. Bu hissləri sözlə ifadə etmək çox çətindir. Qarabağ hər birimizin uzun illər qanayan yarası, üzündəki hüzn, qəlbindəki boşluq idi. Hər bir azərbaycanlı kimi mən də torpaqlarımızın uzun illər sürən əsarətdən xilas edildiyi üçün çox xoşbəxtəm. Nəhayət, biz öz doğma yurd-yuvamıza gedə biləcəyik. Biz oralar üçün darıxdığımız kimi, o yerlərin də bizə ehtiyacı var. Vətənimin hər guşəsində olduğu kimi, Qarabağımızda da uşaqların gülüş səslərinin eşidiləcəyi günlər artıq bir xəyal deyil. Bu sevinci bizə yaşatdığı üçün başda Prezidentimiz İlham Əliyev olmaqla bütün mərd, qəhrəman Azərbaycan oğullarına minnətdaram”.
Yaxın gələcəkdə İstanbulda “Qarabağ” mövzusunda sərgisinin açılacağını qeyd edən rəssam bu istiqamətdə hazırlıqların davam etdiyini deyib. Bildirib ki, işlərinin böyük əksəriyyəti Qarabağ mövzusundadır. Bu mövzuda daha bir əsəri – “Azərbaycan maralı” tablosunu bitirmək üzrədir: “Sərginin daha əvvəl keçirilməsi nəzərdə tutulurdu. Lakin, təəssüf ki, pandemiya hər sahəyə olduğu kimi, incəsənətə də öz mənfi təsirini göstərir. Vəziyyətdən asılı olaraq sərgimin may ayında İstanbulun yeni rəsm qalereyalarından birində keçiriləcəyi nəzərdə tutulur”.