2021-ci ilin 7 yanvar – 4 fevral tarixlərində Çin Xalq Respublikasının paytaxtında ənənəvi “Pekində görüş” beynəlxalq incəsənət festivalının keçirilməsi planlaşdırılır. 21-ci dəfə gerçəkləşəcək festivalın proqramının əsas hissəsi, pandemiya şəraiti nəzərə alınaraq, onlayn şoulardan ibarət olacaq.

“Qış ehtirası, onlayn sənətlər, klassiklər yaddaşda” şüarı ilə təşkil olunacaq festivalda 24 ölkədən sənət qrupu 42 tamaşa (o cümlədən 31 onlayn şou) təqdim edəcək.

Nümayiş olunan sənət növləri arasında Ukrayna baleti, alman operası, italyan klassik musiqisi və Fransa, İsrail və Cənubi Koreyanın müasir rəqsləri yer alacaq. Builki festivalda ölkəmizi Beynəlxalq Muğam Mərkəzinin direktoru, pianoçu, Xalq artisti Murad Hüseynov təmsil edəcək.

“Pekində görüş” festivalı bu dəfə Çin Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Radio və Televiziya İdarəsi, 2022-ci il Pekin Qış Olimpiya Oyunları üzrə Təşkilat Komitəsi tərəfindən keçiriləcək. Festival indiyədək 120-dən çox ölkə və bölgədən 30 mindən çox sənətçini Pekinə toplayıb.

Xatırladaq ki, ölkəmiz bu festivalda ilk dəfə 2015-ci ildə Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu ilə təmsil olunub.